Bu gün onların anım günüdür

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı


Nə yazımaq barədə düşünərkən, bu şəkli xatırladım və onu sözə çevirmək, danışdırmaq qərarına gəldim.
Bu şəkildə Şəhid olan əsgərlə Xarıbülbül bir araya gətirilib. Və bu birgəlilkdən də Şəhid ölümünün sirli məna çalarları ilə süslənmiş rəsmi, gözlə görünən əksi yaranıb.
Şəkildə Şəhidin baxışlarının ecazkar sirri, hikiməti insanı öz məchul mənası ilə sanki büyüləyir. Hər dəfə bu şəklə baxanda insan ömrünün bitişinin son nəfəslə deyil, son baxışla, son nəzərlə olduğuna əmin olursan.
Bu nəzərlərərdə oxunan səssiz vida şərqisinin nisgilli musiqisini duymaq, nakam qəlbin gözlərdə, baxışlarda haray çəkən sızıltısını hiss etmək, ölüm mələyinin addım səslərini eşitmək insan ruhunu sanki buza döndərir, damarlarda axan qanı dondurur.
Bu şəkildəki baxışların əzəməti, əlçatmaz möhtəşəmliyi, iki dünya arasındakı keçidin gizəmli yolunu əks etdirən sehri, büyüsü onu – ölümü incəsənət səklində ifadə edən ilahi bir əsərə, rəsm tablosuna çevirir sanki.
Bu tabloda həyatla vidalaşan baxışlar son anda boynu bükük bir Xarıbülbüldə ilişib qalıb, öz ağırlığı ilə bu zərif gülün ləçəkləridən asılaraq ona bu dünyanın ən ağır dərdini yükləyib. Xarıbülbülün qismətində Şəhid baxışlarrının ağırlığı altında öz zərafətini pozmadan, məğrurluğunu itirmədən nakam bir Şəhidə anası əvəzi yası tutmaq da varmış.
Və Xarıbülbülün ana kimi kimi öz Şəhidinin baxışlarını öpərək başqa bir dünyaya yola saldığı bu an, matəm ayrılığına şahidlik edən insanın içində bütün varlığını qəhr edəcək bir kədər burulğanı yaradır. Bu zaman içimdən kimsənin duymayacağı bir səs ərşə qədər ucalır və nalə çəkib “ağla, ağlaya bildiyin qədər, ancaq göz yaşlarını yanağına deyil, içinə axıt ki, yanan qəlbinin içini qarsıb qovuran atəşini söndürə bilsin” deyir.
Şəhid əsgər də anası kimi matəmə batıb ona yas saxlayan bu gülün hüznünü xəyalındakı anasının dalğın, kədərli surəti kimi ağır bir sükutla seyr edir, öz baxışları ilə onunla vidalaşır.
Bu səhnə nə qədər paradoksal görünsə də bu balaca, ürkək və küskün görünüşlü Xarıbülbülün qalibiyyət görüntüsüdür həm də. Çünki, müharibə vəhşətinin amansız qanunları ilə öldürən və ölən bir insanın qəlbinin dərinliklərində, ruhunun məchulluğunda gizlənmiş zərafət, kövrəklik, gözəllik qarşısındakı səsiz təslimiyyət duyğusu məhz bu anda Şəhid əsgərin baxışlarında təcəlli edərək, bu dünya ilə son vida məqamında Xarıbülbülün qarşısında səcdəyə qapılır, onun məsum gözəlliyinə ibadət edir.
Şəhidi bu dünyadan əbədiyyətə yola salan Xarıbülbül bəlkə də o anda öna dikilmiş baxışlarla kimsənin duymayacağı, hiss edə bilməyəcəyi bir danışıq içindədir. Nə şəhid əsgərin dili var, nə də ki, bu matəmli gülünün. Ancaq şəhid əsgərin dili yerinə danışan baxışları var və bu baxışlarda tədirginlik yerinə, açıq görülən bir aramlıq, məmnunluq var, çünki Şəhid əsgər Xarıbülbülün son anda ona pıçıldadığı həzin ana laylasında öz körpəliyinin xoş hüzuruna tapıb.
Kim bilir, bəlkə də Musa ilə Tur dağı vasitəsi ilə danışan Tanrı, əziz qıldığı Şəhidlə də bu gülün dili ilə danışır, ona varacağı yerin gözəlliyini anladır. Bu üzdəndir ki, ölümün pəncəsində dünyadan köçən əsgərin üzündə nə qorxu, nə də ki, bir təlaş var, əvəzində hikmətini dərk etməkdə, mənasına vaqif olmaqda aciz olduğumuz bir eşq öz məmnun təmkini, hüzurlu ifadəsi ilə kimsənin eşidə bilmədiyi əbədiyyət nəğməsi ilə bu dünyadan ayrılan müqəddəs ruhu başqa bir aləmə yola salmaqdadır.