Prezident Recep Tayyıp Erdoğan ABŞ-da PBS televiziyasına müsahibəsində Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq niyyəti ilə bağlı deyib ki, Avropa İttifaqı 52 ildir onları “qeyri-müəyyən vəziyyətdə” saxlayır:
“Biz NATO ölkəsi olsaq da, hətta NATO ölkələri Avropa İttifaqı prosesində bizi gözlədir. İstər-istəməz fərqli axtarışlara girmək vəziyyətində ola bilərik. Avropa İttifaqı bizi 52 il tutub-saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək və ondan sonra ‘niyə burada görüşdü, niyə orda görüşdü?’ deyəcək. Görüşərəm”.
Prezident Erdoğan ilk dəfə qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci Dövlət Başçıları Zirvəsində “təhlükəsizlikdən iqtisadiyyata, enerjidən nəqliyyata, kənd təsərrüfatından turizmə qədər bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq” deyib.
ŞƏT-lə müqayisədə Aİ-yə daha çox bənzəyən Asiya təşkilatı isə Avrasiya İqtisadi İttifaqıdır (Aİİ).
Rusiya, Qazaxıstan, Ermənistan, Belarus və Qırğızıstanın üzv olduğu Aİİ-də insanların, sərmayənin və məhsulların sərbəst dövriyyəsi mövcuddur.
Avropa İttifaqı və Qlobal Araşdırmalar Assosiasiyasının vitse-prezidenti Can Baydarol Avropa İttifaqının müttəfiqlərinin Aİ üzvünün ŞƏT-ə üzv olmasına icazə vermədiklərini, bu baxımdan hüquqi və texniki maneələrin olduğunu bildirir və “Qərb dünyasındasınızsa, Çin və Rusiya ilə yanaşı ola bilməzsiniz” deyir.

Azərbaycan ŞƏT-ə üzv ola bilərmi?

Bu zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında daha çox Azərbaycanın iqtisadi imkanları barədə danışıb, o cümlədən Azərbaycan-Ermənistan münaqişəsindən bəhs edərək bəzi “aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq” doğurduğunu deyib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın ŞƏT-lə əlaqələrin qurulmasında bir neçə marağı var.
Onun fikrincə, Azərbaycanın birinci hədəfi bu təşkilatda yer alan ölkələrlə iqtisadi və ticarət əlaqələrini genişləndirməkdir.
“Azərbaycanın əsas marağı isə ondan ibarətdir ki, Çinin elan etdiyi “Bir Kəmər Bir Yol” layihəsi üzrə Çin mallarının bir hissəsinin Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınmasında iştirak etməkdir. Bu Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yük daşımalarının artması deməkdir. Ola bilsin Azərbaycan hökumətinin ümidi onadır ki, Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərmək, müşahidəçi statusu almaq və ya gələcəkdə üzv olmaqla bu prosesləri sürətləndirsin”, – o deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də bu təşkilata maraq göstərməsi onun bu təşkilata diqqətini artırır: “Əgər Türkiyə bu təşkilata müşahidəçi statusu aldıqdan sonra üzv olmaq istəyrsə, bu, Azərbaycanın da onunla birlikdə hərəkət etməsinə imkan yaradır”.
Siyasi şərhçi hesab edir ki, gələcəkdə Ermənistan da bu təşkilata qoşula bilər və bu baxımdan da, Azərbaycanın orda olmazı ölkənin maraqları baxımdan əhəmiyyətlidir.
Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ŞƏT-lə əlaqələr qursa, bu, Qərblə münasibətlərə mənfi təsir etməz: “Bu proses Avropa ilə əlaqələrə mane olmur, çünki elə Çindan ixrac ediləcək malların son ünvanı Avropa olacaq”, o əlavə edib.
Bbc