Ilham Hüseyn
Bütün dövlətlər ilk növbədə öz maraqlarını təmin etməyə çalışır və bu başadüşüləndi. Hətta avtoritar hökumətlər var ki, prinsipial situasiyalarda dövlətin maraqlarından çıxış edir, dövlətin çıxarları naminə manevrlər edirlər. Ən əsası isə reallıqlara uyğun olaraq seçim edirlər, qarşıdakı dövr üçün körpü salırlar. Barmaqla sayılayacaq hökumətlər var ki, bütün siyasətləri dövlətin imkanlarından sui-istifadə edərək, öz ömürlərini uzatmağa hesablanıb. İndiki situasiyada Rusiyanın Çinlə əməkdaşlığı sıxlaşdırması, ŞƏT-i dirçəltmək istəməsi, KTMT-nin varlığını göstərməsi başadüşüləndi. Yəni, Putin batmamaq üçün, siyasi ömrünü uzatmaq məqsədiylə mümkün olan hər şeydən yararlanmaq istəyir. Çinin, Türkiyənin, İranın da addımlarını izah etmək, əsaslandırmaq olur. Bəs, bizim analoqsuzlar nə fikirləşir? Bunların siyasətində dövlətin rəngi nə vaxt görünəcək? Rusiya öz məqsədi üçün bizdən yararlanır, biz dövlətimizi gücləndirmək üçün kimdən, necə yararlanırıq? Bu şahmat taxtasında bizim gedişimiz nədən ibarətdi? Bizdən ərazi və əhali baxımından kiçik olan ölkələrin də gedişi aydın görünür. Biz nə əldə etmək istəyirik? Görünən budur ki, dövlətin maraqları naminə heç nə əldə etmək planı yoxdur. Bütün gedişlər avtoritarizmə ömür calamağa hesablanıb. Siyasətin fabrikində taktika, strategiya yox, troll istehsal edirik.
Düşmən yaranmış vəziyyəti fürsət bilib xal qazanır, biz qazandığımız xalları itirməklə məşğuluq. Seçilməmiş deputatların ABŞ-a sanksiya tətbiq etməsi, sındırılmış jurnalistlərin demokratiyanı gözdən salmaq cəhdləri, 5-ci kalonun Rusiya nəğməsi oxuması idarəçilik deyil. Dövləti bu repertuarla gücləndirmək olmaz. Dünyada gedən prosesləri izləyib, sonra da vicdanlı insanlara “xain” damğası yapışdırırsansa, deməli, siyasi korsan, dövlətin imicini daha çox talamağın üçün qurban vermisən. ABŞ-ı söyüb, Rusiyanı öymək dövlət siyasəti ola bilməz. ABŞ-ı tənqid etdiyin kimi, Rusiyanı da tənqid edə bilmirsənsə, deməli, müstəqil deyilsən. Hamı özünə müttəfiq axtardığı dövrdə, biz önəmli müttəfiqləri itiririk. Qarabağ məsələsinin birdəfəlik və ədalətli həlli Rusiyaya təzim etməklə mümkün olmayacaq, demokratik dünyanın etibarlı tərəfsaşına çevrilməklə mümkün olacaq. Daxildə xalqla, xaricdə proqressiv dövlətlərlə düşmənçilik aparırsansa, deməli, dövləti baltalamaqla məşğulsan. Fakt budur ki, Azərbaycanın bugün yürütdüyü siyasətdə nə xalqın sözü, nə də dövlətin izi var. 5-3 adamın arzu və istəyi “dövlət idarəçiliyi” statusuna yeyələnib.