Məhkəmə qarşısında etiraz aksiyası olub

“Səda” internet televiziyasının həbsdə olan direktor müavini Elnur Şükürovun ailəsi sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirib.

Sentyabrın 19-da həmin məhkəmədə E.Şükürovun həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.

Aksiya iştirakçıları əllərində E.Şükürovun və Prezident İlham Əliyevin şəkillərini tutublar.

E.Şükürovun yaxınları qeyd edib ki, onun həbsinin əsas səbəbi Cəlilabad rayonunun sosial problemlərinin işıqlandırılması ilə bağlıdır: “Elnuru dəfələrlə hədələyiblər, deyiblər ki, susmasan qardaşlarını həbs edəcəyik. Görəndə ki, bu alınmır, özünü susdurmağa çalışıblar. Bu, qurulmuş bir işdir, Elnur Şükürov şərlənib”.

Onların sözlərinə görə, Binəqədi Rayon Məhkəməsinin qərarında E.Şükürovun istintaq zamanı Bakı İstintaq Təcridxanasında saxlandığı qeyd edilsə də, o, Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında tutulub: “Axtarış zamanı deyiblər ki, bizə Əvəz Zeynallı ilə bağlı sənəd lazımdır”. Aksiya zamanı insident baş verməyib.

Aksiyaya və orada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma sentyabrın 14-də Baş Prokurorluqdan bildirilmişdi ki, Ə.Zeynallı və E.Sadıqovla bağlı istintaqın gedişində “Səda TV” MMC-nin faktiki rəhbəri E.Şükürovun qanunsuz əməlləri ifşa edilib.

E.Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Azadlıq radiosu