Ilham Əliyev Azərbaycanı beynəlxalq təcridə aparır

AXCP sədri Əli Kərimli

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvanda söylədiyi “Biz Azərbaycanın Ermənistana qanunsuz sərhəd hücumlarını kəskin şəkildə pisləyirik” açıqlamasını qeyri-obyektiv və zərərli hesab edirəm. Ona görə yox ki, Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərindən kənarda hərbi əməliyyatlar keçirməsini dəstəkləyirəm. Xeyr, qətiyyən. Mən də, təmsil etdiyim AXCP və Milli Şura da, elə xalqımızın əksəriyyəti də Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərində suverenliyini təmin etməsini əsas vəzifə sayır və rəsmi sərhədlərimizdən kənar ərazilərə iddia etmirik.

Nensi Pelosinin qeyd etdiyim açıqlamasını isə ona görə qeyri-obyektiv sayıram ki, uzun illər ərzində Ermənistan Azərbaycana nəinki sərhəd hücumları, hətta torpaqlarımızın 20 faizini işğal edəndə, ərazimizdə 40 minlik ordu saxlayanda, Azərbaycanın işğal edilmiş rayonları, tarixi və mədəniyyət abidələri yerlə bir ediləndə, 2-ci Qarabağ savaşı zamanı Gəncənin və digər Azərbaycan şəhərlərinin dinc əhalisi raket atəşinə tutulanda Nensi Pelosi belə bəyanatlar verməyib.

Açıqlamanı ona görə zərərli sayıram ki, Cənubi Qafqazın nisbətən böyük dövləti olan Azərbaycanda avtokratiya, ailə hakimiyyəti, Rusiya hegemonluğu tərəfdarı olanların mövqeyini qismən də olsa, gücləndirir. Azərbaycanda demokratik dəyişikliklər uğrunda mübarizə aparan, ölkəmizi ABŞ-la, Avropa Birliyilə yaxın dost, müttəfiq görmək istəyən siyasi qüvvələrə xeyli çətinlik yaradır.

Nensi Pelosinin dünyada avtoritar və totolitar rejimlərə qarşı mübariz olduğu bilinən faktdır.
Onun avtokratiya, yoxsa demokratiya seçimi qarşısında qalan Ermənistanda demokratiyaya dəstək bəyanatları verməsini mən də, xalqımızın əksəriyyəti də dəstəkləyir. Biz öz ölkəmizdə demokratiya istədiyimiz kimi, bölgəmizdə də, o cümlədən Ermənistanda da demokratiya olmasını istəyirik. Kaş ki, ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri də demokratiyaya dəstək bəyanatları ilə kifayətlənmiş olaydı.

Nensi Pelosinin məlum açıqlaması təəssüf ki, Azərbaycandakı rejim yandaşlarına yaxşı fürsət yaradıb. Ailə hakimiyyətinin süfrəsindən dolananlar, rejimə yaltaqlanmaq üçün fürsət axtaranlar, trol ordusu ABŞ və bütövlükdə Qərbi yamanlamaq, Rusiya avtoritarizminə və onun Azərbaycandakı müttəfiqi İlham Əliyevin repressiv və korrupsioner hakimiyyətinə haqq qazandırmaq üçün nəfəs dərmədən çalışırlar. Onlara da sözüm var.
Azərbaycan xalqı müdrikdir və siz onu aldada bilməyəcəksiniz. Bəli, biz hamımız bilirik ki, ABŞ-ın da, bütövlükdə Qərbin də səhvləri olub və yəqin ki, olacaq. Heç uzağa getməyək, günü bu gün Azərbaycanda bütün fundamental azadlıqların məhdudlaşdırılmasına, 29 il ərzində bütün seçkilərin saxtalaşdırılmasına, indiyədək minlərlə insanın siyasi motivlərlə həbs olunmasına, çoxsaylı işgəncə və nəhəng korrupsiya faktlarına biz ABŞ-ın adekvat reaksiyasını nəyə görə görmürük? Bəli, bizim fikrimizcə, Azərbaycandakı repressiv və korrupsioner rejimə bu qədər loyal münasibətin özü səhvdir.

Görürsünüz, bizim də ABŞ siyasətinə iradımız var. Ancaq siz kimi kiminlə müqayisə edirsiz? Aydın deyilmi ki, bəzi çatışmazlıqlarına baxmayaraq yenə də dünyada azadlıq və demokratiyadan, dövlətlərin ərazi bütövlüyü və suverenliyindən yana olan ABŞ və müttəfiqləridir?
Siz görmürsünüz ki, dolayısı ilə haqq qazandırdığınız Rusiya Ukrayna ilə necə davranır? Siz başa düşmürsünüz ki, ABŞ liderliyilə təmin edilən dünya düzəni olmasaydı, elə dolayısı ilə xidmət etdiyiniz Rusiya Azərbaycanı çoxdan işğal etmişdi?
Nensi Pelosinin bir qeyri-obyektiv açıqlamasına dözməyən həmvətənlərim bəs Rusiyanın 366-cı alayının Xocalıda etdiklərini unudub? Bəlkə torpaqlarımızın 20 faizini Ermənistanın Rusiyanın köməyilə işğal etdiyini də unutmusunuz? Bəlkə deyəsiniz ki, xalqımızın 2 dəfə çətin mübarizə ilə qurduğu demokratik respublikalarını da (AXC və Elçibəy hökuməti) Rusiya imperiyası yox, ABŞ devirib?
Siz başa düşmürsünüzmü ki, sizin xidmətində durduğunuz İlham Əliyev bizi dünyadan təcrid olunmuş diktatorlar klubuna doğru aparır? Siz Azərbaycanın işğalçı Rusiyanın orbitinə qaytarılmasının, Lukaşenko kimilərlə müttəfiq edilməsinin ölkəmiz üçün doğuracağı ağır nəticələri təsəvvür etmirsiniz?

Nensi Pelosinin məlum açıqlamasını əlində bayraq edib Putin və İlham Əliyevin ətrafında sıx-sıx birləşənlər özlərini vətənpərvər kimi təqdim edirlər. Bəs 42 nəfər Qarabağ qazisi çarəsizlikdən intihar edəndə həmin vətənpərvərlərin 99 faizi nəyə görə susmuşdu? Cəmisi 8 saatlıq döyüşdə 80 igidimizin nəyə görə, nəyin naminə şəhid edildiyini soruşmaq niyə həmin sözdə vətənpərvərlərin ağlına gəlməyib? Onudamı unutmusuz ki, Xankəndində, digər Qarabağ ərazilərində 10 min nəfərdən artıq erməni silahlısını günü bu günə qədər qoruyub saxlayan da Nensi Pelosi yox, Putindir? Putinə və onun Azərbaycandakı müttəfiqinə heçmi sözünüz, iradınız yoxdur?
Və nəhayət, ABŞ-ı da, Rusiyanı da, başqalarını da qoyaq bir tərəfə. Bu ölkənin 30 il, əslində 50 ildən də artıq bir ailə tərəfindən idarə olunmasını özünüzə təhqir saymırsınızmı? Nensi Pelosi hansısa açıqlamanı verib deyə biz ölkəmizdə demokratiya qurmayaq, qanunun aliliyini tələb etməyək, korrupsiyaya, monopoliyaya, soyğunçuluğa, hüquqsuzluğa etiraz etməyək?