12-14 sentyabr tarixlərində Azərbaycan və Ermənistan sərhəd bölgəsində gedən silahlı toqquşmada Azərbaycanın 282 hərbçisi yaralanıb. Bu barədə sentyabrın 17-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Yaralanan 282 hərbi qulluqçudan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”.
Nazirlik həmçinin iki mülki şəxsin də yaralandığını vurğulayır. Məlumatda bildirilir ki, yaralanan mülki şəxslərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Azərbaycan Müdafiə Nazirliyi ilk olaraq sentyabrın 13-ü axşam saatlarında cəbhədəki itkiləri açıqlayıb.
Nazirliyin bildirməsinə görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Nazirliyin ilkin açıqladığı məlumatda həlak olanların sayı 50, sentyabrın 16-da isə yenilənən siyahıda, silahlı toqquşmada hələk olan Azərbaycan hərbçilərinin sayı 77 nəfər göstərilib.
Amma Ermənistan Müdafiə nazirliyi də Azərbaycan ordusunu təxribat törətməkdə ittiham edir. Ermənistan rəsmi qurumlarının ilk yaydığı məlumatında onların itkiləri əvvəl 49, sonra 105, daha sonra isə 135 göstərilib.
Amma Azərbaycan Müdafiə Nazirliyindən fərqli olaraq Ermənistan Müdafiə Nazirliyi itkiləri adbaad açıqlamayıb. Ermənistan tərəfi yaralılarla bağlı məlumatları da açıqlamayıb.
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.
Azərbaycan və Ermənistan liderləri bu il Şarl Mişelin vasitəçiliyi ilə üç görüş keçiriblər. 31 avqust görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.
Hazırda ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri, həm də Qafqaz üzrə Baş məsləhətçi Filip Riker regionda səfərdədir. O, Ermənistanda görüşlərdən sonra Gürcüstana gedib, bu həftə Azərbaycana gələcəyi gözlənir. Azərbaycan Minsk qrupunu fəaliyyətini qəbul etmir, Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirir.
Azadlıq radiosu