KTMT Ermənistanın sorğusuna cavab verdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsindən ötrü mexanizmləri işə saldığını bəyan edir.
Qurum bildirir ki, “Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq,… yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil olunub”.
KTMT hansı mexanizm və addımlardan söhbət getdiyini açıqlamayıb. Sadəcə gücdən istifadəni qəbuledilməz saydığını qeyd edir, qarşıdurmaları müstəsna şəkildə siyasi-diplomatik metod və razılaşmalarla tənzimləməyə çağırır.
Peskov bu sualı cavabsız qoydu
“Prezident [Vladimir Putin] sərhəddə gərginliyin azaldılmasına töhfə verməkdən ötrü hər şeyi edir. Cəhdlər davam edir”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.
Moskva Yerevanın KTMT-yə kömək üçün müraciəti ilə bağlı nəsə edəcəkmi? Peskov bu sualı detallı cavablandırmayıb. “İndi bundan artıq nəsə demək istəməzdim. İş gedir, müxtəlif razılaşmalar var, təsdiq prosesi tamamlanmayınca nəsə elan etmək istəməzdim”, – Peskov vurğulayıb.
Fransa BMT-nin iclasını çağırır
Fransa Ermənistanla Azərbaycan arasında son toqquşmaları BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaracaq. “Reuters” xəbəri Fransa Prezidenti Emmanuel Makronun ofisinə istinadla yayıb. Makron tərəfləri atəşkəsə əməl etməyə çağırıb.
Fransa, ABŞ və Fransa uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. Ancaq Azərbaycan artıq bu qrupun missiyasının başa çatdığını, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirir.
Karasin: “Qarşıda böyük iş var”
Rusiyanın səyləri, o cümlədən Prezident Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon söhbəti və Rusiya XİN-in işi sayəsində Ermənistan-Azərbaycan sərhədində atəşkəs əldə olunub. Bunu sentyabrın 13-də Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin deyib.
Onun sözlərinə görə, səhər saat 10-da atəşkəs elan edilib, vəziyyəti nisbətən sakit və dinc məcraya yönəltmək mümkün olub, amma “qarşıda böyük iş var”, çünki Ermənistan KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müraciət edib. Karasin söhbətin hansı işdən getdiyini açıqlamayıb.
Azadlıq radiosu