Bu gün, sentyabrın 13-də “Xural TV”nin rəhbəri Əvəz Zeynallının həbsindən verilmiş apellyasiya şikayəti və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin olunmayıb.
Vəkil Aqil Layıc bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Ə.Zeynallı özünü təqsirli bilməyib və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirib: “Əvəz Zeynallı bildirdi ki, bu, 2011-ci ildə baş vermiş ssenarinin yeni versiyasıdır. O, hazırda ona edilən təqibi azad sözə, jurnalistik fəaliyyətinə müdaxilə kimi qiymətləndirir”. (2011-ci ildə də jurnalist rüşvət iddiası ilə həbs edilib)
Vəkil qeyd edib ki, jurnalist Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır: “Şəraitindən çox razıdır. Həm qidanın, həm həkim müayinəsinin yüksək səviyyədə olduğunu bildirir. Ona hər hansı təzyiq yoxdur”.
Dövlət Departamenti Zeynallı və Sadıqovun həbsini diqqətlə izləyir
“Biz Azərbaycanı öz vətəndaşlarının, o cümlədən Əvəz Zeynallının, Elçin Sadıqovun hüquqlarını, əsas azadlıqlarını Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq qorumağa çağırırıq”, – Dövlət Departamentinin rəsmisi “Turan”ın Vaşinqtondakı müxbirinə bildirib.
Baş Prokurorluq jurnalist və vəkilin həbsi ilə bağlı açıqlama yayıb
Baş Prokurorluq sentyabrın 11-də həbs edilən jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovla bağlı məlumat yayıb.
İddiaya görə, “Xural Yayınları” MMC-nin baş direktoru Ə.Zeynallının vəkil E.Sadıqovun vasitəçiliyi ilə “Baku Steel Company” şirkətinin sabiq sədri, həbsdə olan Rasim Məmmədovun yaxınlarından 20 min manat almasına şübhələr yaranıb. İstintaqın versiyasına görə, bunun müqabilində R.Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamaq vəd olunub.
Baş Prokurorluğun İstintaq İdarəsində “külli miqdarda rüşvət alma” və “külli miqdarda rüşvət almaqda köməkçilik” maddələri ilə cinayət işi başlanıb.
Jurnalist Ə.Zeynallı və E.Sadqov bu ittihamları bundan əvvəl yalanlayıblar. Onlar ittihamları uydurma adlandırıblar.
Azadlıq radiosu