Yeni qanun hansı nəticələri doğuracaq ?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Təklif edilən “Siyasi partiyalar haqqında qanun” siyasi sistemin hüquqi çərçivələrini dağıtmağa xidmət edir. Bu qanunun hədəfi real müxalifətin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq, müstəqil qərarlar verməsinə mane olmaq və onu siyasi sistemdən kənarda saxlamaqdır. Bu baxımdan qanunun meydana çıxması zərurəti hazırkı ikiqütblü siyasi sistemdə hakimiyyətin əsas alternativinə çevrilmiş AXCP-ni siyasi sistemddə iştirak hüququndan və imkanlarından məhrum etməkdir. Bu günə qədər hakimiyyət daha çox siyasi repressiya və qadağalarla AXCP-nin qarşısını almağa çalışırdısa, indi bu yolla onu bütövlükdə qanundankənar elan etməyə hazırlaşır.
Neçə? Qanun layihəsinin qəbulundan sonra 90 gün ərzində siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi tələb olunacaq. Qanun layihəsində göstərilir ki, siyasi partiyalar dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərə bilməz. Bu o deməkdir ki, hakimiyyət hər hansı səbəblə qeydiyyata almaqdan imtina etdiyi AXCP-ni qanundan kənar elan edib, onun partiya fəaliyyətini və qərarlarını qanunsuz əməl kimi məhdudlaşdlrmağa çalışmaq niyyətindədir. Hətta indiki şərtlərdə belə AXCP ilə siyasi rəqabətdə ictimai rəydə uduzan hakimiyyət, öz siyasi rəqibinin fəaliyyətinin qarşısını almaq üçün belə süni, antidemokratik hüquqi əsas yaratmağa çalışır .
Siyasi partiyalar haqqında qanunun qəbulundan sonra 90 gün ərzində partiyaların qetdiyyatı üçün 10 min imza tələb olunması, o deməkdir ki, mərkəzi qərəgahı və yerli təşkilatlarının ofisləri olmayan AXCP-nin belə bir siyahı tərtib etməsi üçün olduqca uzun vaxt tələb olunacaq və çoxsaylı çətinliklər meydana çıxacaq. Hətta partiya bu işin öhdəsindən gəlsə belə, kim zəmanət verə bilər ki, Ədliyyə Nazirliyi siyahıdakı şəxsləri etibarsız çıxarmayacaq. Axı biz seçkilərdə real adamların imzasının saxta çıxarılıb namizədliklərinin qeydə alınmaması nümunələrini çox görmüşük.
Təklif olunan qanun layihəsində prezident, parlament və bələdiyyə seçkilərində iki dəfə ardıcıl olmaqla iştirak etməyən partiyanın qeydiyyatının ləğv olunacağı bildirilir. Bu birbaşa qanunvericilik yolu ilə siyasi partiyaların müstəqil qərar vermə hüququnun məhdudlaşdlrması deməkdir. Siyasi partiyalar öz iradəsi ilə hansı seçkidə iştirak edib etməyəcəklərini özləri müəyyən edirlər. Qanun isə onların bu hüququnu əlindən alır. Məlum olduğu kimi AXCP bir neçə dəfə prezident, parlament və bələdiyyə seçkilərində demokratik seçki mühitinin olmaması səbəbindən iştirak etməyib və hakimiyyətin seçki saxtakarlığında rol almayıb. İndi bu qanunla AXCP və digər partiyaların qarşısında iki seçim qoyulur, ya seçki saxtakarlığında iştirak etməlisən, ya da ki, siyasi partiya kimi fəaliyyət göstərə bilməzsən. Bu isə o deməkdir ki, siyasi partiya kimi fəaliyyət göstərməkdən ötrü mütləq hakimiyyətin iradəsini yerimə yetirməyi qəbul etməlisən. Bu isə siyasi müxalifəti faktiki olaraq bir institut kimi ləğv etmək cəhdidir.
Bəs bu qanunun nəticələri nə olacaq?
Hesab edirəm ki, bu ilk növbədə onsuz da məhdud olan demokratik siyasi rəqabət mühitinin tamamilə ləğv olunmasına gətirib çıxaracaq. Bu qanun həmçinin seçkilər yolu ilə hakimiyyət dəyişikliyinin qarşısını kəsir.
Ancaq bu qanunla hakimiyyət AXCP başda olmaqla real siyasi müxalifəti siyasi sistemdən kənar qoymağa çalışsa da, onların fəaliyyətinin qarşısını ala bilməyəcək. Onsuz da bu günə qədər AXCP – yə qarşı qanundan kənar bir təşkilat kimi davranılıb və o zəruri fəaliyyət imkanlarından məhrum edilməklə bərabər daim repressiya hədəfi olub. İndi də reallıqda AXCP üçün heç nə dəyişməyəcək. Qərəgahsız, keçirdiyi aksiyalar razılıq verilməyən, üzvləri davamlı olaraq həbsxanalardan keçən bu təşkilatın itirə biləcəyi, əlindən alına biləcəyi nə var ki, bu qanunla onun əlindən alına bilsin? Məqsəd AXCP-nin saxta seçkilərə buraxmamaqdırsa, onsuz da AXCP belə seçkilərdə rol almağı mənasız hesab edir. Bu ölkədə reallıq elədir ki, yeni qanun oldu olmadı, dəyişikliklərin yolu meydanlarda xalqın mübarizəsindən keçir.