İlham Hüseyn
Hökumət ümid edir ki, daha bir müddət də xalqı Qarabağ kartıyla aldadacaq, vətənpərvərlik libasına bürünüb, insanların zəif damarını tutacaq. Əlbəttə, 44 günlük müharibə zamanı hamılıqla ordumuzun yanında olduq, möhtəşəm həmrəylik nümayiş etdirdik və hərbi zəfərdən qürur duyduq. Amma heç bir zəfər, torpaqların bir hissəsinin azad edilməsi, vətəndaşa zülm etməyə haqq qazandıra bilməz. Qarabağ faktının arxasına sığınıb, korrupsiyanı çiçəkləndirmək, qiymət artımlarıyla insanları bataqlığa salmaq, hüquqsuzluğu davam etdirmək ikiqat cinayətdir. İnsanların heysiyyatıyla alver etmək iyrənc taktikadı. Sağlam düşünə bilən hər kəsə aydındır ki, vətənpərvər hökumət qazini intihar həddinə çatdırmaz, uşaqları uşaqpulundan məhrum etməz, davamlı olaraq qiymətləri artırmaz, mənasız layihələrə yüzmilyonlar xərcləməz, Qarabağa hərbi qənimət kimi baxmaz. Ümumiyyətlə, dövlətin milyardlarına əl uzadan zehniyyət vətənpərvər ola bilməz. Aydın görünür ki, hökumətin vətənpərvərlik təbliğatı, millətçilik mesajları, Qarabağ strategiyası növbəti tələdir. Məhz 44 günlük savaşdan sonrakı vəziyyət aydın göstərdi ki, hökumətin dəyişmək fikri yoxdur. Savaşdan sonrakı dövr islahat aparmaq üçün deyil, xalqı daha çox sıxmaq üçün fürsətə çevrildi. “Hərbi zəfər qazanmışıq, xalqı nə qədər ağır vəziyyətə salsaq da, heç kim etiraz etməyəcək, adamlar xeyli müddət Qarabağ uğurunun təsirindən çıxa bilməyəcək” düşüncəsiylə, daha qəddarcasına sosial bataqlıq yaratdılar. Bakıda övladına məktəb çantası ala bilməyən valideynə, Zəngəzur təsəllisi verməyə davam etdilər. Və düşünürlər ki, hələ bir müddət də bu taktikanı davam etdirmək olar. Ac xalqı nağıllarla doydurmaq siyasəti avtoritar hökumətlərin ənənəvi reseptidi. Ona görə də diqqətli olmalıyıq. Qarabağın pis əməllər üçün dəbilqə edilməsinə imkan verməməliyik.