Azərbaycan iki ildir ki, MDB lideridir, sənaye məhsulları istehsalçılarının qiymət indeksinə (SQİ) görə!

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Bu fakt kifayət edir ki, Azərbaycanda inflyasiyanın yüksək olması, qiymətlərin durmadan və sürətlə bahalaşmasının səbəbini daxildə durumla əlaqələndirəsən. Baxın, şərh bölməsindəki cədvələ baxın, görəcəksiniz ki, MDB dövlətləri heç bizim tozumuza belə yaxınlaşa bilmirlər. Məlumat üçün qeyd edim ki, 2021-ci ildə 2020-ci ilə nisbətən SQİ 169,6 faiz olub, 2022-ci ilin yanvar-iyul aylarında 2021-ci ilin yanvar-iyul aylarına nisbətən kənd təsərrüfatı məhsullarının qiymət indeksi 117,1 faiz təşkil edib.
Yeri gəlmişkən, Azərbaycan bu ilin 1-ci yarısında sənaye məhsulu istehsalına görə, MDB-də Rusiya, Ukrayna və Belarusdan sonra 102,1 faizlə ən aşağı artım tempinə malikdir. Yaxşı Rusiya, Ukrayna və Belarusda müharibə gedir, Azərbaycanda nə olub?
Düzdür, SQİ-nin yüksək olmasında neft-qaz sektorunda qiymətlərin bahalaşması əhəmiyyətli rol oynayıb, amma baxın Rusiyanın da, Qazaxıstanın da neft-qaz sektoru vardır, amma SQİ aşağıdır, çünki onların iqtisadiyyatı Azərbaycandan dəfələrlə yaxşı şaxələnib. Azərbaycanda bütün parametrlər üzrə neft-qaz sektorundan asılılıq yüksək olduğuna görə, iqtisadiyyatı bataqlığa salıblar, bu il dibə doğru yavaş-yavaş gedirik, gələn ildən batmaq sürətlənəcək, əgər islahatlar olmazsa, bu hakimiyyətdən də islahat gözləməyə dəymir, iqtisadiyyatda etdikləri hər bir dəyişiklik də Paşa Holdinqin korporativ maraqlarına xidmət edir. Necə ki, Mərkəzi Bankı Paşa Bankın filialına çevirdilər. eləcə də Azərbaycan iqtisadiyyatını da Paşa Holdinqin nəzarətinə veriblər, ona görə də Azərbaycanda milli iqtisadiyyat yoxdur, ailə hakimiyyəti olduğu kimi ailə iqtisadiyyatı mövcuddur.