SOCAR-da islahat rəhbərliyin maaşının iki dəfə qaldırılmasıdır

AXCP sədri Əli Kərimli

Siz unun, çörəyin, yağın, hətta şorun bahalaşmasının dərdini çəkin, ölkənin sərvətlərinə əl qoymuş dəstə də qaz vurub, qazan doldursun.

Rövnəq Abdullayevdən sonra SOCAR-da dəhşət islahatlar gedir )) Paşa Holdinqin dəsti-xətti dərhal hiss olunur. “İslahatçı” komanda işə maaşlarını artırmaqdan başlayıb. SOCAR rəhbərliyinin maaşı onsuz da yüksək idi. İndi həmin yüksək əmək haqqını yenidən 2 dəfə artırıblar. Beləliklə, SOCAR prezidentinin aylıq maaşı 13 min manat, vitse-prezidentlərin maaşları 12-13 min manat, idarə və şöbə rəislərinin maaşları isə 6-11 min manat arası olacaq.

Etiraz edən kimi də etirazçıları “dünya təcrübəsi” ilə susdururlar. Xorla xalqın üstünə gəlirlər ki, bəs bilmirsiz filan xarici neft şirkətinin prezidenti, digər rəhbər işçiləri nə qədər maaş alır?

Bilirik, xəbərimiz var. Ancaq onu da bilirik ki, həmin xarici neft şirkətlərinin fəhlə və işçi heyəti də yüksək əmək haqqı alır. Ancaq siz neft istehsalını faktiki təmin edən neftçilərin başını aylıq 500-1500 manatlıq maaşla qatıb, özünüzə bundan 10-20 dəfə artıq maaş yazanda əlbəttə ki, ictimai vicdan sizi qınayacaq.

Xarici neft şirkətlərinin rəhbər heyətinin maaşını nümunə gətirməyiniz həm də ona görə yersizdir ki, onlar işlərinin öhdəsindən gəlir. Bizə nümunə göstərdiyiniz həmin xarici neft şirkətlərinin xalis qazancı yalnız yarım ilin nəticəsinə görə, 10 milyardlarla dollar olub. Dövlətlərinin büdcəsinə də çoxmilyardlıq vergilər ödəyiblər. SOCAR isə son bir ildə əlavə 4 milyard manat da zərər edib. Bununla da SOCAR-ın dövlət təminatlı (yəni ödəyə bilməsə, həmin borcu da dövlət – siz, biz ödəməli olacağıq) xarici borcu 15 milyard manatı da keçib. Mən hələ onu demirəm ki, indiyə qədər neçə dəfə SOCAR-ın milyardlarla manatlıq borcları büdcə – xalqın hesabına silinib. Budur sizin idarəetmə.

Başqa bir sual da çıxır ortaya. Bu dünya təcrübəsi sizin yadınıza nəyə görə ancaq öz maaşlarınızı müəyyənləşdirəndə düşür? Bir halda ki, xaricdəki əmək haqlarını əsas götürüb, özünüzə yüksək əmək haqqı təyin edirsiz, o zaman sadə, zəhmətkeş neftçinin də, müəllim, həkim, büdcədən maliyyələşən işçilərin də əmək haqqını, ölkədəki pensiya və müavinətləri də həmin dünya təcrübəsinə uyğunlaşdırın. Bunu etmədən, əhalinin 95 faizini taleyin ümidinə buraxıb, 2-3 faizin ölkənin bütün sərvətlərinə əl qoyması ictimai vicdanı incidir və ölkədəki sosial gərginliyi daha da artırır.