Şuşa turlarının məqsədi

Hüquq müdafiəçisi Anar Məmmədli

Bu günlərdə prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov bildirdi ki, 2040-cı ilədək bu şəhərdə 23 min nəfər sakinin yaşaması nəzərdə tutulub. Hədəf götürülən 18 illik müddət xeyli suallar doğurur.

Rəsmi məlumata görə, Şuşa rayonun 34 min nəfər sakini var. Ölkənin ən kiçik rayonlarından biridir. O qədər kiçikdir ki, ayrıca seçki dairəsi belə yoxdur. Şəhərin ərazisi isə 5,5 kvadrat km-dir. İndi gələk suallara.

Əgər 18 il ərzində Şuşa şəhərində tikinti-quruculuq işlərinin davam etməsi nəzərdə tutulubsa, bu tikinti planına nələr daxildir? Məsələn, 2011-cı ildən tikintisi başlayan Bakı Ağ Şəhər yaşayış kompleksində indiyədək 36 bina tikilib təhvil verilib. Bu kompleksin ərazisi 1650 hektar olmaqla yekunda burada 280 min nəfərin yaşaması nəzərdə tutulub. Necə olur ki, Ağ Şəhərdə 10 ilə bu qədər bina tikilə bilir amma Şuşa üçün 20 il lazım olur?

Əgər 18 il ərzində Şuşada əhalinin məşğulluğu üçün yerlərin yaradılması nəzərdə tutulubsa, buna rəqəmlərlə aydınlıq gətirilməlidir. Şuşa əhalisinin əmək qabiliyyətli hissəsi üçün hansı proqramlar nəzərdə tutulub? Yerli iqtisadiyyatı qurmaq üçün dövlətin dəstəyi nə olacaq? Şuşa əhalisinin əsas məşğuluq fəaliyyətinə nələr daxil olacaq və sair. Nəzərə almalıyıq ki, əhalinin məşğulluğu ilə bağlı dövlətin ciddi dəstəyi, planı və istəyi olmasa şuşalıların ora qayıtması asan olmayacaq. Amma ortada heç bir plan yoxdur.

Əgər 18 il ərzində köçürülmə planı, təhlükəsizlik qayğıları ilə bağlıdırsa, o zaman hər ay Şuşada təşkil olunan tədbirlər, oraya səfərlər necə təşkil olunur?

Beləliklə, Şuşaya əhalinin qayıdışının 2040-ci ildədək uzanacağını deyən dövlət rəsmisi hakimiyyətin Şuşa mövzusunda yürütdüyü şou siyasətini təsdiqləmiş olur. Demək, Şuşaya səfirlərin, diplomatların, siyasi partiyalar, QHT-lər və jurnalistlərin vaxtaşırı təşkil olunan səfərlərinin şuşalılara heç bir isti-soyuğu yoxdur. Bu səfərlər və oradaka tədbirlərin isə bir məqsədi var – hakim siyasi elitanın reytinqini qaldırmaq, bunu yerli və beynəlxalq auditoriyaya qəbul etdirmək. Bunun başqa bir adı da var – Azərbaycan xalqının tarixi-mədəni yaddaşındakı Şuşa sevgisindən həm siyasi, həm də maddi məqsədlər üçün sui-istifadə etmək. Bu prosesdə sadə azərbaycanlı, o cümlədən şuşalıların faydası əsas götürülməyib.

Şuşa 400-dən artıq hərbçinin qanı bahasına 18 illik işğaldan azad edilmiş inzibati ərazimizdir. Oraya səfərlər və ya oranın Azərbaycan yurisdiksiyasında olması heç bir platformada müzakirə predmeti ola bilməz. Və yaxşı olar ki, iqtidar mənsubları hansısa diplomatın və ya siyasətçinin Şuşa səfərindən imtinasına başqa səbəb tapsın, bunu milli suverenliyə hörmətsilzik kimi qiymətləndirməsin. Mən Şuşada gəzib-dolaşmağı çox istəyirəm. Amma gedərkən bir şuşalının evində və ya tikdirdiyi oteldə qalmaq, şuşalılarla söhbətləşmək və onların qonağı olmaq istəyirəm.

Nəhayət, Aydın Kərimovun açıqlamasından belə çıxır ki, Şuşada bələdiyyə qurumunun yaradılması da sual altındadır. Hazırki seçki təqviminə görə ölkədə bələdiyyə seçkiləri 2024, 2029, 2034 və 2039-cu illərdə keçiriləcək. Belə çıxır ki, 20 il ərzində beynəlxalq tribunalarda Qarabağın işğalına görə orada bələdiyyə seçkilərinin keçirilmədiyini əsas götürən hakimiyyət növbəti 18 ildə formal şəkildə olsa da şuşalıları yerli idarəçilikdən məhrum qoymaq istəyir.