Mən niyə evimin xarabalıqlarına baxmaq üçün pul verməliyəm?

İlham Hüseyn

Hikmət Hacıyev deyib ki, Fransa və ABŞ səfirləri Şuşaya səfərdə iştirak etməməklə Azərbaycana qarşı etinasızlıq göstərdilər. Bilmirsən güləsən, yoxsa ağlayasan.
Elə bil Şuşa bunların şəxsi restoranıdı, hər gün qonaq dəvət edirlər. Gəlməyən qonaqlardan da inciyirlər. Amma 2 ildir Şuşalıları Şuşaya dəvət edən yoxdur. Azad olunmuş torpaqlara həmin torpaqların sakinləri gedə bilmir. İmkan vermirlər ki, adamlar 30 illik həsrəti 2 saatlıq vüsalla əvəzləsin. Necə olur ki, əcnəbilər hər həftə Qarabağdadı, amma o yerlərin sahiblərinə növbə gələndə “təhlükəsizlik qaydaları” peyda olur?
Hələ bu da azmış kimi azad olunmuş ərazilərə tur təşkil edirlər. Mən niyə öz evimin xarabalıqlarına baxmaq üçün pul verməliyəm? Niyə Qarabağ kimlərinsə biznesinə çevrilməlidir? Bu torpaqları prezident, nazir, məmurlar azad etməyib. Daxmalardan çıxan oğullar azad edib. Fransız, Amerikalı, Qoşulmayanlara qoşulanlar Ağdama, Şuşaya gedə bilər, amma o yerlər üçün burnunun ucu göynəyən adamlar gedə bilməz. 65-70 yaşlı adamlar var ki, son dəfə o yerləri görmək istəyirlər. Amma görünən budur ki, o insanlar da torpaq həsrətiylə dünyadan köçəcəklər.
Digər tərəfdən, Fransa səfirinin dəvəti qəbul etməməsi sizi niyə incik salır? Fransada yüzmilyonlar xərcləyən, xarabalıqları abadlaşdıran siz deyildiz? Bütün bu jestləri nəyin qarşılığında etmisiz? Əlbəttə ki, şəxsi maraqların. Əks halda, bu qədər pulların qarşısında xarici siyasətin Fransa uğuru olmalıydı.
Başqa məsələ budur ki, sizin dəvətinizi niyə qəbul etməlidilər ki? Gecə-gündüz ikilistandarlarda, ermənipərəstlikdə ittiham etdiyiniz adamları Şuşaya niyə dəvət edirsiniz? Yaxşı olar ki, böyük qardaşınız, müttəfiqiniz Putini Ağdama dəvət edin və himayə etdiyi Ermənistanın bir şəhəri nə hala saldığını əyani nümayiş etdirin. Ümumiyyətlə, Fransa, ABŞ səfirinin Şuşaya gəlməsi nəyi dəyişəcək? Qarabağı xarabaya çevirmiş ölkənin ordusunu “sülhməramlı” kimi dəvət etməyinizdən danışacaqsız? “Münaqişə bitib, amma Şuşanın 37 kəndi düşməndə qalıb” deyəcəksiz?
Fransanın, ABŞ-ın səfirini bilmirəm, amma o yerlərin sakinləri ata-baba yurdlarına rahat səfər etməlidir, sizin dəvət siyahınıza düşmək üçün illərlə gözləməməlidir. Qayıdış planınız yoxdur, heç olmasa adamlara şərait yaradın ki, bir dəfə yurd-yuvalarına baş çəkə bilsinlər. Qarabağ hökumətin monopoliyasından çıxmalıdır. Xalqı belə təhqir etmək olmaz. Mən ağıllı kəndə yox, Ağdamdakı ağlını itirmiş ev-eşiyimə baxmaq istəyirəm.