AXCP sədri Əli Kərimli
Türkiyədə hökumət 6 milyon insanın elektrik, qaz və suya görə olan 30 milyard lirəlik borcunu sildi. Gürcüstan hökuməti də 245 min insanın karantin rejimini pozmaqla bağlı (maska və s.) cəriməsini silmişdi. Almaniya hökuməti xalqın cəmisi 7.5 faizlik inflyasiyadan zərər görməməsi üçün 48 milyon almana 28 milyard avro vergi güzəşti edib, uşaqpulunu artırıb.
Belə nümunələr dünyada o qədər çoxdur ki… Mən sadəcə bəzilərini sizə təqdim etdim.
Dünyanın hər yerində hökumətlər gecə-gündüz çalışırlar ki, inflyasiyanın nəticələrini hansısa yollarla kompensasiya etsinlər, xalqın rifahını yaxşılaşdırsınlar, xalqa xidmət etsinlər.
Bəs İlham Əliyev hakimiyyəti nə işlə məşğuldur? İlham Əliyev hakimiyyəti qiymət artımına yaşıl işıq yandırıb. Son yarım ildə (yanvardakı qiymət artımı ilə birlikdə) un və çörəyin qiyməti 50 faizdən çox artırılıb. Ətin, toyuğun, yumurtanın, yağın, şəkərin və s. vacib ərzaqların, dərmanların qiyməti durmadan artır. İlham Əliyev hakimiyyəti də yalnız deputatların, hakimlərin, məktəb direktorları və müavinlərinin və digər imtiyazlı qrupların maaşlarını artırır. Hakimiyyət 10 milyon ölkə vətəndaşının cəmisi bir neçə yüz min nəfər imtiyazlı və vəzifəlisini düşünür. Hakimiyyət həmin kiçik imtiyazlı qrupun hakimiyyətidir. Ölkənin 10 milyon insanının təqribən 9.5 milyon nəfərinin güzaranı, rifahı, necə dolanması hakimiyyəti narahat etmir. Hakimiyyəti, ailə şirkətlərini idarə etməyə və qorumağa bir neçə yüz min nəfər azərbaycanlı bəs edir. Qalan vətəndaşlara təbəə kimi baxılır. Onlar bu ölkədə hökumətsizdir. Onların dolanışığı, problemlərinin həlli Allahın ümidinə buraxılıb. Azərbaycan xalqı bu ədalətsizliyə hələ də susur.