Müəllimlər üçün nəzərdə tutulan maaş artımı təhsil işçilərinin maksimum 3 faizini əhatə edə bilər

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

18 avqust 2022-ci il tarixdə İlham Əliyev “dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Fərman imzalayıb. İlk baxışdan belə görünür ki, sentyabrın 1-dən müəllimlərin bə onların rəhbər işçilərinin maaşları artırılır. Əslində belə olsaydı, alqışlayardım, çünki, hazırda əmək haqqı artımına ən çox ehtiyacı olan təbəqələrdən biri də müəllimlərdir, ona görə ki, 1) onların orta maaşları ölkə üzrə orta aylıq əmək haqqının 75 faizi qədərdir, amma əksəriyyətinin maaşı orta aylıq əmək haqqının 50 faizindən də aşağıdır. 2) təhsil sektoru dövlət sferasında ən böyük işləyənlər ordusudur.
Baxın görün, bu fərman kimlərə şamil olunur:
1) 500-dən çox şagirdi olan məktəb direktorlarına; 2) avqustun 30-31-də sertifikasiya imtahanına girən və keçid balı toplayan Bakı-Abşeron, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regionlarında dərs deyən ibtidai sinif müəllimlərinə.
Gəlin birlikdə araşdıraq görək, prezident fərmanı neçə nəfər şamil olunacaq.
Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var, onlardan neçəsində 500-dən çox tələbə olduğuna dair məlumat tapa bilmədim. Çox böyük ehtimalla yarısından çoxudur, çünki, kənd məktəblərinin əksəriyyətində şagirdlərin sayı 500-dən aşağıdır. Bu o deməkdir ki, ən yaxşı halda rəhbər işçilərin vəzifə maaşlarına aylıq əlavələr bir neçə min nəfərə şamil olunacaq.
Avqustun 30-31-də sertifikasiya imtahanı Bakı-Abşeron, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regionlarında dərs deyən 11 min ibtidai sinif müəllimlərinə şamil olunur. Onların bir qismi imtahanı bpykot edir, bir qismi də imtahandan keçməyəcək, münəccimlik etmək istəmirəm, amma güman edirəm ki, ən yaxşı halda 11 min nəfərin yarısı imtahandan keçəcək, onların da çoxunun vəzifə maaşlarına 10 faizlik əlavələr ediləcək.
Beləliklə də bütövlükdə artım maksimum 10 minə qədər müəllimi əhatə edəcək ki, bu da təhsil işçilərinin 3,1 faizini təşkil edir. Sonra da hər yerdə deyəcəklər ki, müəllimlərin maaşları sentyabrın 1-dən qalxdı. Sizcə bu təhsil işçilərini ələ salmaq deyilmi?
P.S. Hətta bu maaş artımı MİQ ilə işə qəbul olan müəllimlərə də şamil olunmayacaq. Məsələn, müəllim 2021-də MİQ imtahanından 54 bal toplayıb işə qəbul olunub. Qaydaya görə MİQ ilə qəbul olunanlar 5 il müddətinə sertifikasiyadan azaddırlar. Belə çıxır ki, artıma çatmaq üçün 4 il ( sertifikasiyadan keçməyi) gözləməlidir. Görün nə qədər məntiqsiz yanaşmadır.
P.P.S. Yeri gəlmişkən bir məsələni də qeyd edim ki, hətta bu halda vəzifə maaşlarının artımı deyil, ona əlavələrin edilməsi müəllimlərin və rəhbər işçilərin gələcəkdə pensiyaya çıxarkən ödənişlərinə təsirin azaldılması məqsədilə həyata keçirilir.