Hər müharibə öz qəhrəmanlarını yetişdirir

AXCP sədri Əli Kərimli

Ukraynanın ən intensiv raket atəşinə tutulduğu gün Boris Conson Zelenski ilə birlikdə Kiyevin mərkəzi küçələrini gəzirdi.
Dünənki gün Ukrayna üçün çox çətin gün idi. Rusiyanın raket hücumu o qədər intensiv olmuşdu ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri dünən gün ərzində 189 dəfə hava hücumundan müdafiə həyacan siqnalı verməli oldular. Bu 6 aylıq müharibədə rekord göstərici idi. Ancaq dünənki günün Rusiyanın intensiv raket atəşi ilə keçəcəyi gözlənilməz də deyildi. ABŞ və BB kəşfiyyatı xəbərdarlıq etmişdi ki, 24 avqustda – Ukraynanın müstəqilliyi günündə Ukrayna şəhərlərinə güclü raket hücumu olacaq. Məhz bu xəbərdarlığa görə Kiyevdə və digər böyük şəhərlərdə bayram tədbirləri təxirə salınmış, hətta insanlar küçəyə çıxmasın deyə komendant saatı da elan olunmuşdu.
Ancaq bütün bunlar Boris Consona mane olmadı ki, həmin gün savaş başlayandan 3-cü dəfə Kiyevə gəlsin, Zelenski ilə birlikdə Kiyevin mərkəzi Kreşatik küçəsində qürurla gəzsin və Böyük Britaniyanın Ukraynaya dəstəyinin davamlı olacağını və yeni hərbi yardım paketini bəyan etsin.

Hər müharibə həm də öz qəhrəmanlarını yetişdirir. Heç şübhəsiz ki, Rusiya – Ukrayna savaşının əsas qəhrəmanı prezident Zelenski başda olmaqla Ukrayna xalqıdır. Ancaq məncə, bu savaşın əsas qəhrəmanlarından biri də Böyük Britaniya baş naziri Boris Consondur.
Boris Conson savaşın ilk günlərindən Ukraynaya ən qətiyyətli şəkildə dəstək verən hökumət başçısı olub. Bombardman altında olan Kiyevə ilk rəsmi səfərə gəlmiş və faktiki olaraq Kiyevin qapılarını dünya liderlərinin üzünə açmış lider də Conson olmuşdu.
Ukrayna xalqı Boris Consonun bu cəsarətli dəstəyini yüksək qiymətləndirib. Ukrayna Ali Radası qarşısında açılmış Cəsarət Xiyabanında Boris Consonun adı Ukraynanın əbədi dostu olaraq hörmətlə əbədiləşdirilib. Xiyabana xatirə lövhəsi vurulub.
Boris Conson bir neçə gündən sonra baş nazir vəzifəsindən gedəcək. Ancaq onun Ukraynaya verdiyi dəstək və Rusiyanın imperiya ambisiyalarının məğlub edilməsi üçün etdiyi fədakarlıqlar dünyanın hər yerində istiqlal və demokratiyadan yana olan insanlar tərəfindən hələ uzun illər minnətdarlıqla xatırlanacaq.
Bu yerdə böyük lider M. Ə. Rəsulzadənin 69 il öncə böyük uzaqgörənliklə dediyi bu sözləri xatırlamaq yerinə düşür:
“Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.”!