Milli Şuranın sədri, professor Cəmil Həsənli
“Alimerdan bey Topçubaşı: Dönemi ve Mücadelisi” kitabı Türkiyədə də nəşr olundu. Daha əvvəl bu kitab Bakıda, 2014-cü ildə Moskvada, 2019-cu ildə London və Nyu Yorkda nəşr olunmuşdu. Bu həftə də Ankarada “Türk Tarih Kurumu” yayınlarında işıq üzü gürdü.
Mən 2013-cü ildən Türk Tarih Kurumunun fəxri üzvüyəm (şeref üyesi). Və əlbəttə ki, bu mükəmməl nəşrə görə Kuruma dərin təşəkkürümü bildirirəm.
Kitabı türk dilinə çox dəyərli dostumuz Professor, Doktor Ali Asker bəy tərcümə edib. Çox çalışdı bu tərcümə üzərində Ali Asker bəy, illərini verdi – əlinə və ürəyinə sağlıq. Elə müəllif qədər əməyi var bu kitab üzərində qiymətli Hocamızın. Hər sözün, hər kəlmənin, hər fikrin üzərində əsə-əsə çalıdı. Tərcümə prosesində özü də Əlimərdan bəyin cazibəsinə düşdü.
Birinci işimiz deyildi Ali Asker beyle. 11 il əvvəl “Türk-Sovyet İlişkileri (1939-1953) Tarafsızlıktan Soğuk Savaşa Doğru” kitabım da Ali Asker beyin tercüməsində “Bilgi yayınları”nda nəşr edilmişdi. Hocamız Azərbaycan – Rus -Türk dillərini mükəmməl bildiyi üçün tərcümə də mükəmməl çıxıb.
Əlbəttə, vaxtın, zamanın sərf edib bu iri həcmli monoqrafiyanı incələyən və onu nəşrə tövsiyə edən Professor, Doktor Abdullah Gündoğdu və Professor, Doktor Sebahettin Şimşir Hocalarımaza təşəkkür borcumuz var.
Kitabın üz qabığı üçün Əlimərdan bəyin 1918-ci ilin 28 teşrini-sani ayında (yəni noyabr ayında) «İctihad» qəzetinə verdiyi bir müsahibədə dərc edilmiş orjinal bir fotosunu seçdik. Əlbəttə, öz zəngin kolleksiyasından bu qiymətli fotonu əsirgəmədiyi üçün Dilqəm Əhməd bəyə də təşəkkür!
Kitab Azərbaycan tarixinin 50 illik bir dövrünü əhatə edir. Onun mərkəzi siması Topçubaşi olsa da, Həsən Bəy Zərdabidən başlayan yeniləşmə, millətləşmə, dövlətləşmə hərəkatının, bu hərəkatda iştirak etmiş qurucu babalarımızın mübarizəsini, taleyini, zəfər və faciəsini əhatə edir. Kitabın “Türk Tarih Kurumu” yayınlarında nəşr edilməsi bu böyük nəslin apardığı milli mücadilənin türk oxucusuna çatdırılması üçün bir vəsilə oldu. Onun ərsəyə gəlməsində Kurumun uzmanlarından Dr. Yunus Pustu bəyin dəstəyi unudulmazdır. Əlimərdan bəy Topçubaşinin işıqlı adının və əməllərinin türk oxucusuna çatdırılmasında əməyi keçən hər kəsə təşəkkür!