İnsanlar necə alçaldılmağa razı olurdular?
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
2017- ci il, 10 saylı cəza çəkmə müəssisəsi. Buraya gəldiyim 1-2 ay olardı. Dustaqların söhbətlərindən eşidirdim ki, burda ara- sıra onlara pulsuz balıq payı verilir. Burada digər zonlarla müqayisədə imkanlı dustaqlar daha çox idi. Ancaq əksər məhkumlar imkansız olduqlarından, onların yanlarına az- az gəlib gedirdilər. Min nəfərlik dustaq heyyəti arasında təqribən 150-200 nəfərin yanına isə gəlib gedəni olmadığından onlar məcbur olub həmişə “balanda” deyillən keyfiyyətsi həbsxana yeməyini yeyirdilər.
Məhz bu dustaqlar üçün balıq payı verilməsi onların ağız dadının dəyişməsi üçün bir imkan, fürsət idi. Balıq verilərkən hər hansı çəki məhdudiyyəti olmadığından, dustaqlar adətən özlərinə bir neçə günlük pay götürmüşlər və bir neçə gün həbsxananın mətbəxindən ancaq balıq iyi gəlirmiş.
Nəhayət ki, bir gün dustaqlar arasında canlanma, hərəkətlilik görüb nə baş verdiyini soruşanda dedilər ki, “bəs balıq gətiriblər, sən də get götür.” Maraq üçün onlara qoşulub balıq payı verilən “Qazxana” deyilən yerin qarşısına getdim. “Qazaxana” da təqribən 50 – yə qədər üstündə qapağı olmadığından pırıltl ilə yanan qaz gözü vardı. Həbsxana yeməyi yemək istəməyən dustaqlar burada özlərinə gündəlik yemək bişirirdilər. Ventilyasiya olmadığından qaynaq üsulu ilə kobud şəkidə düzəldilmiş bu qaz yanan gözlərin bütün ətrafı və ortaya qoyulmuş stol his və yağ ləkəsindən qap- qara qalın çirk qartmağı bağlamışdı. Xüsusi ilə havalar bir az istiləşəndə buraya girmək dəhşətli bir əzaba çevrilirdi. Burda gün ərzində yanan qazın hisi, havasızlıq və dəhşətli isti bir anın içərisində adama özünü cəhənnəm atəşinin ortasında hiss etdirirdi.
“Qazxananın” qarşısına çatanda gördüm ki, qalaq şəklində yerə asfaltın üstümə təqribən 100-150 kq balıq tökülüb. Kənarda isə pişiklər bayram ovqatında var gəl edir, götürdüklərini uzağa aparmadan, elə ordaca dadına baxırdılar. Dustaqlar isə əllərində selafan paket əyilib balıqlardan seçib yığlrdılar. Bu basa- bas və tələsikdə hamı çalışırdı ki, daha böyük böyük balıq götürə bilsin. İmkanlı və kriminal imici olan dustaqlar isə belə yerə yaxın gəlmir, bunu özlərinə sığışdırmırdılar. Kənardan bu mənzərəni biraz seyr etdim və sönra geri dönüb digər dustq həmkarlarımla bu biabırçılığa niyə etiraz edilmədiyi haqda danışdım.
Hiddətlə bildirdim ki, bu insan ləyaqətini alçaltmaqdır, bu balığı bir stolun üstünə yığıb, yanına da kimsəni qoyub adam kimi adamları belə alçaltmadan, pişiklərlə eyni vəziyyətə salmadan da paylamaq olardı. Bu cür antisanitariya vəziyyətində balığı yerə töküb sonra da dustaqları əyilib onları götürməyə vadar etmək, insanları təhqir etmək deməkdir. Bu insanın ehtiyacından istifadə edib onu alçaltmaq, mənəvi baxımdan onu slndırmaqdır. Ona görə də, buna etiraz etmək lazımdır. Ancaq özünü kriminal hesab edən, guya ki, idealist kimi davranan həbsxana avtoritetləri öz dustaq həmkarlarının bu cür aşağılanmasına heç bir reaksiya vermirdilər. Gördüm ki, insanlar onlara verilən bir – iki günlük balıq payı müqabilində öz alçaldılmalarını təbii, normal qəbul edirdilər. Və ən pisi də, o idi ki, mən bu cür balıq verilməsinin insan şəxsiyyətinə həqarət demək olduğunu onlara izah etsəm də, qarşılığında heç bir etiraza razı sala bilmirdim.
Qərara gəldim ki, tək özüm həbsxana rəhbərliyinin yanına gedib etiraz edim. Rəis müavini və rejim rəisinin yanına gedib öz kəskin etirazımı bildirdim, insanları bu cür alçaltmağln doğru olmadığını onlara dedim. Xəbərdarlıq etdim ki, bir də belə bir hal təkrar olunsa, məsələnini ictimailəşdirəcəm. Bilirsiniz nə oldu? Ondan sonra mən azadlığa çıxana qədər bir də həbsxanaya balıq gətrilmədi. Ara- sıra da dustaqların yarızarafat, yarıciddi “bu bizə lazım idi, sənin deməyinə görə balığımız da kəsildi” dediklərini də eşidirdim.