Hakimiyyəti işğaldan azad etməliyik

AXCP sədri Əli Kərimli

Özünə dövlət qura bilmiş və hələ də dövlətinə sahib çıxa bilməmiş xalqların həyatı necə fərqlənir? Özünə dövlət qura bilmiş xalqlardan
Almaniya nümunəsinə baxaq. Almaniyada orta aylıq əmək haqqı artıq 4728 dollara çatıb. Ancaq baxmayaraq ki, ölkədə əmək haqqı bu qədər yüksəkdir, 7.5 faizlik inflyasiya hökuməti çox ciddi narahat edib. Hökumət tədbiri tədbir dalınca edir ki, xalq bu 7.5 faizlik inflyasiyadan ciddi zərər görməsin.
Almaniya hökuməti ilk növbədə vətəndaşlarına 27.6 milyard avroluq vergi endirimi etdi. Bu vergi güzəştlərindən 48 milyon alman faydalanacaq. Yəni 48 milyon alman az vergi verib, çox qazanacaq ki, 7.5 faizlik inflyasiyadan az zərər görsün.

Bundan əlavə Almaniya hökuməti uşaqpulu məbləğini artırdı ki, uşaq böyüdən ailələr inflyasiyadan zərər görməsin. Təəccübləndiniz ki, orta aylıq əmək haqqı 4700 dollar olan ölkədə də uşaq pulu olar? Olar. Almaniyada qazancın yüksək olmasına baxmayaraq ailələrə uşaq pulu da verilir, üstəlik təhsil də (ali təhsil də daxil olmaqla) pulsuzdur.

Alman hökuməti onu da nəzərə aldı ki, daha çox yanacağın qiyməti artıb və bu, nəqliyyat xərclərini artıracaq. Almanlar nəqliyyat xərclərinin artmasından da çox zərər çəkməsin deyə hökumət çox böyük sosial layihəyə başladı. İctimai nəqliyyatın bütün növlərindən istifadə imkanı verən aylıq 9 avroluq biletlər satdılar xalqa. Yəni bir alman 9 avroluq aylıq nəqliyyat bileti alır və bu biletlə Almaniya daxilində bir ay ərzində istədiyi yerlərə qatar, avtobus, metro, tramvay və s. ictimai nəqliyyat vasitəsilə gedib gəlir. Hökumət bu layihəni də maliyyələşdirmək üçün 2.5 milyard avro vəsait ayırıb (daha ətraflı şərh bölümündə).

Alman hökuməti nəyə görə xalqına bu qədər can yandırır, demək olar ki, nazı ilə oynayır?
Ona görə ki, Almaniya və bütün demokratik dövlətlərin hökumətlərini xalq seçir ki, hökumət ona xidmət etsin. Xalq hökumətin xidmətindən narazı qalsa, seçkidə səs verməməklə hökuməti işdən çıxara bilər. Ona görə də hökumətlər gecə – gündüz işləyir ki, xalq onlardan razı qalsın, onları işdən çıxarmasın.

Azərbaycan kimi hakimiyyəti zəbt olunmuş ölkələrdə isə rejimlər xalqa vətəndaş kimi yox, təbəə kimi baxır. Vətəndaş hökuməti nəinki işdən çıxara bilməz, tam əksinə hökumət istəsə vətəndaşı lap döyə – döyə öldürər. Hakimiyyəti zəbt etmiş, seçkiləri faktiki ləğv etmiş hökumətlər həqiqətən də inanırlar ki, xalqın (əslində təbəələrin) borcu hakimiyyətə itaət və xidmət göstərmək, üstəlik də yaltaqlanmaqdır.
Azərbaycan hakimiyyəti də belə düşünür. Ona görə də istədikləri adamları şərləyib həbs edirlər, işgəncə verirlər, əmlakını əlindən alırlar. Nə xalqın 30-40 faizlik inflyasiyadan əziyyət çəkməsi, nə kütləvi işsizlik, nə də davam edən qazi intiharları onları narahat edir. Ona görə ki, onlar əmindirlər ki, biz xalq olaraq onları işdən çıxara bilmərik. İndi mən oturub səhifəmdə azad seçkilərin, demokratik dəyişikliklərin nə qədər vacib olması, azad seçkilərin həyatımızı necə dəyişəcəyi haqda yazı yazsam, olacaq səhifəmdəki ən az maraq göstərilən yazı. Problemimizin kökü də bundadır. Hamılıqla başa düşməliyik ki, dövlət hakimiyyətini işğaldan azad edib, xalqa qaytara bilməsək, bu ölkədə nə ədalət, nə azadlıq, nə rifah, nə də inkişaf olacaq. Əvvəlcə dövləti azad etməliyik!