Rusiyada kolonializm narrativinin yaranması: Cənubi Qafqaz nümunəsi

Ümumi qəbulolunmuş fikirlərə əks olaraq Rusiya heç bir zaman öz kolonial keçmişini danmayıb, hətta belə demək olarsa, bununla fəxr edib.

1820-ci illərdə Rusiya Cənubi Qafqazda öz imperiyasını genişləndirdikdən qısa müddət sonra onun bürokratiyası yeni mərkəz-periferiya münasibətlərini ifadə etmək üçün Avropa dillərindən götürülmüş yeni terminin köməyi ilə yeni əraziləri ələ keçirməyi konseptuallaşdırmağa başladı.

Maliyyə naziri Yeqor Kankrinin 1827-ci ildə yazdığı kimi: “Zaqafqaziya əyalətlərini bizim müstəmləkəmiz adlandırmaq olar və bu cənubun mühüm faydalarını dövlətə çatdıracaq”. Kankrin irəli sürdüyü ideya Cənubi Qafqazı, xüsusən də Gürcüstanı Rusiyanın öz kvazitropik müstəmləkəsi kimi qəbul etmək idi, o, metropola cənub mallarını çatdırmalı və əvəzinə öz sənayesinin məhsullarını almalıdır. Kankrin müstəmləkəçilik layihəsi Qafqazın imicində böyük iz buraxdı. 1836-cı ildə bölgədə aparılan rəsmi araşdırmada deyilirdi ki: “Cənubi Qafqazın Rusiyanın müstəmləkəsi adlandırılması məhz bu bölgəyə necə baxmaq və necə davranmaq lazımdır sualına aydınlıq gətirir”.

Tipik müstəmləkə üslubunda Cənubi Qafqazın öz sənayesinin olması gözlənilmirdi. Yerli administrasiyanın rəhbəri İvan Paskeviç Gürcüstanda fabriklərin yaradılmasına qarşı çıxmışdı, onun deyiminə görə, bu, təbii olaraq Gürcüstanın Rusiya ilə qarşılıqlı əlaqələrini zəiflədəcək. O, təkid edirdi ki, Gürcüstana Rusiyadan sənaye malları götürərək rus zavodları üçün xammal (ipək, pambıq və s.) çatdıran bir müstəmləkə kimi faəliyyət göstərsin. Problem onda idi ki, bu məsələ ilə bağlı konkret plan yox idi. Qafqaz isə nə rusların gözlədiyi kimi tropik məhsullar verdi, nə də hətta daxili tələbatı belə ödəyə bilməyən Rusiyanın yeni başlayan toxuculuq istehsalı üçün bazar rolunu oynadı.

Bölgəyə gələn bir çox rusiyalılar müstəmləkəçilik fikrini bölüşürdülər. Rəssam və bürokrat knyaz Qriqori Qaqarin Qafqazı Rusiyanın “müstəmləkə bitkilərinin” mənbəyi adlandırırdı və İngiltərə və Hindistanı nümunə kimi göstərdi. Yerli mətbuat da bu müstəmləkəçi baxışı fəal şəkildə təbliğ edirdi. Bir qəzet yazırdı: “Madam ki, Qafqaz bizə bu qədər baha başa gəlir, o, Rusiyanı bütün xərclərə görə mükafatlandırmalı, məhsullarını almalı və əvəzini öz torpağının zəngin məhsulları ilə ödəməlidir və Rusiyanın müstəmləkəsinə çevrilməlidir”.

Rusiyanın sivilizasiya missiyası anlayışı da ümumoi narrativdə az yer tutmurdu. Rəsmi qəzet 1868-ci ildə yazırdı: “Sivilizasiyanın avanqardları kimi Zaqafqaziyaya gələn bir ovuc ruslar bu torpağı Şərqin dərinliklərinə daxil etmək üçün forposta çevirdilər”. Bu sivilizasiya missiyasının bir nümunəsi Tiflisdəki imperiya kitabxanası idi. Onun direktoru Adolf Berjenin sözlərinə görə, bu kitabxana Kəlküttədəki Britaniya kitabxanası və Bataviyadakı Hollandiya kitabxanası ilə eyni funksiya və əhəmiyyətə malik idi. Demək olar ki, hər bir qəzetdə gürcülərin cahil, kobud, tənbəl və öz adət və qərəzlərində kök salmış bir obraza salındığına rast gəlmək olardı, halbuki “Rusiya onlara öz övladları kimi baxırdı”.

Yazı “postsovetmenzeresi” adlı Facebook səhifəsindən götürülüb