Şuşada mülkiyyətin feodal forması bərpa edilir?

Hüquq müdafiəçisi Anar Məmmədli

Avqustun 11-də baş nazirin imzaladığı qərarla Şuşa şəhəri ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı təsdiq edilib. Bu qərar xeyli suallar doğurduğundan bəzi məsələrə yığcam şəkildə toxunacam.

Bəri başdan qeyd edim ki, bu qərar Şuşa şəhərində yaşayacaq vətəndaşların mülkiyyət və sosial-iqtisadi hüquqlarını məhdudlaşdırmaqdır. Ancaq bu məhdudiyyətlərin tətbiqi ilə bağlı dövlətin önə çəkdiyi ictimai maraqların mahiyyəti açıqlanmır. Məsələn, bitkiçilik və heyvandarlıqla məşğul olmamağın müqabilində Şuşa əhalisinə təzminat ödəniləcəkmi? Çünki tətbiq edilən məhduidyyət əhalinin mülkiyyət hüququnu məhdudlaşıdrmaqla yanaşı məşğulluğa da təsir edə bilər. Yəni nəzəri baxımından bu cür qadağanın tətbiqi Azərbaycan Konstitusiyası və ölkənin qoşulduğu beynəlxalq normativ aktlara görə, Şuşa əhalisinin sosial-iqtisadi və mülkiyyət hüquqlarını məhdudlaşdırmaqdır.

İndi gələk, məsələnin siyasi tərəfinə. Ortada siyasi ayrı-seçkilik faktı var. Ölkənin bir bölgəsi ilə bağlı həmin ərazinin sakinlərindən rəy öyənilmədən sahibkarlıq fəaliyyətinə qadağalar tətbiq edilir. Niyə baş nazir Bakıda yaşayış evləri, kinoteatr və stadionların yanında manqal tüstüsünün qadağan edilməsinə dair sərəncam vermir? Məsələn, Prezident Administarsiyasından 100 metr aralı yerləşən filarmoniyanın yanında restoran fəaliyyətini qadağan etmək olar. Yaxud Tofiq Bəhramov adına stadionun yanında kabab bişirməyi nədən qadağan etmirsiz? Niyyət ətraf mühiti qorumaqdırsa, Bakıda manqal tüstüsünü zorla udmağa məcbur qalan sakinlərin orqanizmi can deyilmi? Şuşada relyefi və ərazisi, yerli əhalinin maraqları nəzərə alınmaqla sahibkarlığa qadağalar tətbiq edilirsə, bunu 18-ci əsrin qaydaları ilə aparmaq olmaz.

İlk növbədə Şuşanı orada doğulub yaşayıb köçkün düşən insanların ixtiyarına vermək lazımdır. Əks halda vaxtilə Şuşanı salan Pənahəli xanın feodal yanaşmasından heç nə ilə fərqlənməyəcək. Məlumatı olmayanlara bildirim ki, Şuşa qalasını inşa etdirdikdən sonra Pənahələri xan oraya öz rəiyyəti ilə yanaşı sənətkarlıq və ticarətdən başı çıxan erməniləri ətraf kəndlərdən toplayıb gətirtmişdi. İllər keçdikcə Şuşa ticarət mərkəzinə çevrilir və əhalisnin sayı artmağa başlayır. Amma bu hadisədən 200 ildən artıq vaxt keçib. Şuşanı ikinci dəfə inşa etməyin yolu Pənahəli xanın feodal üsulları deyil, dünyanın son 200 il ərzində qəbul etdiyi yol var – mülkiyyət, sosial iqtisadi və mədəni hüquqlara hörmət. Qısası əvvəlcə yerli əhalinin maraqları, rəyləri və istəkləri əsas götürülməli, bundan sonra inşat, quruculuq və məşğulluq kimi məsələlərə baxılmalıdır.

İkincisi, Şuşada bələdiyyə seçkiləri keçirilənədək oranın idarəçiliyində yerli əhalinin iştirakını stimullaşdıran mexanizmlər işlənməlidir. Belə bir yanaşma işğaldan azad edilən və edilməyən ərazilərin, o cümlədən Qarabağ ermənilərinin dinc və sülh yoluyla re-inteqrasiyası üçün lazımdır. Yoxsa, Şuşada yerli səviyyədə siyasi iştirakçılığın məhdulaşdırıldığını müşahidə edən erməni əhalisini Azərbaycan tərkibində mədəni, siyasi və iqtisadi hüquqların qorunacağına inandırmaq mümkün olmayacaq.