Ukraynaya hərbi müdaxilə başlayandan bəri Rusiya hakimiyyəti öz hərəkətlərinə bəzən əvvəl dediklərinə zidd olan müxtəlif izahatlar verib. Vladimir Putin öz hərəkətlərinə bəraət qazandırmaq üçün Rusiya imperiyasının banisi I Pyotrun fəthlərinə istinad edib və eyni zamanda Qərbin müstəmləkəçiliyini qınayıb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi də Rusiyanın müstəmləkə keçmişini inkar etməklə yanaşı, fəal şəkildə anti-müstəmləkəçilik ritorikasından istifadə edir.
Ukraynanın işğal altında olan ərazilərini ruslaşdırıb, onlardan taxıl, günəbaxan tumu, incəsənət əsərləri kolleksiyaları götürdüyü bir vaxtda Moskvanın bu mövzularda danışmaq istəyinin özü bir qədər qəribə görünür.
Amma bu müharibənin tarixi hələ yazılmayıbsa, keçmişə dair konsensus var: Rusiya hakimiyyəti yeni torpaqları özünə biləşdirərkən, xalqları fiziki olaraq məhv edərək ruslaşdırıb, təbii sərvətləri istismar edib.
“Müstəmləkələşdirilən ölkə”
“Müstəmləkəçiliyin qanlı cinayətləri ilə ləkələnməmiş ölkəmiz afrikalıların müstəmləkə zülmündən qurtulmaq üçün apardıqları mübarizəni həmişə səmimi şəkildə dəstəkləyib”, – XİN rəhbəri Sergey Lavrov Misir, Konqo, Uqanda və Efiopiya səfəri ərəfəsində bu ölkələrin qəzetlərində dərc olunan köşə yazısında bildirib.
Bu sözlər sadəcə olaraq, auditoriya üçün həssas məsələlərə müraciət etmək cəhdi deyil. Nazirin çıxışlarında Afrikaya istinad etmədən də, belə ritorikaya rast gəlmək olar.
Məsələn, may ayında o deyib ki, Qərb öz müstəmləkələrini fəth edibsə, Rusiya imperiyası öz nüfuzunu genişləndirərkən “digər xalqları öz estetik və mənəvi tələblərinə tabe etməyib”.
“Hamı öz dilini, inancını, adət-ənənələrini saxlayıb”, – Lavrov deyib.
Tarixçilər başqa cür düşünürlər.
“Rusiya tarix boyunca ətraf əraziləri müstəmləkəyə çevirib”, – Florensiyadakı Avropa Universitetinin professoru, tarixçi Aleksandr Etkind deyir.
Bu o demək deyil ki, Rusiya imperiyasının yolu ingilis, fransız və ya portuqallarla eyni olub – onlardan fərqli olaraq, Romanovlar hakimiyyəti dənizlə ayrılmış əraziləri deyil, özünə bitişik torpaqları birləşdirib.
“Bütün keçmiş müstəmləkə imperiyaları çökdü və keçmiş metropoliyalar öz müstəmləkə keçmişlərini nəzərdən keçirir və onun üçün üzr istəyirlər. Rusiya isə nəinki üzr istəyir, əksinə, eyni müstəmləkəçilik və imperialist təcrübəsini davam etdirir”, – Polşadakı Marie Küri-Skłodowska Universitetinin yaddaş tədqiqatlar laboratoriyasının rəhbəri, tarixçi Georgi Kasyanov deyir.
“Rusiyanın tarixi müstəmləkələşdirilən bir ölkənin tarixidir. Burada müstəmləkələşdirilən ərazi dövlət ərazisi ilə birlikdə genişlənirdi”, – Rusiya tarix elminin klassiki Vasili Klyuçevski yazırdı.
“Daxili müstəmləkələşdirilmə: Rusiyanın imperiya təcrübəsi” adlı kitabında Etkind Kazan Universitetinin professoru Afanasi Şapova istinad edir ki, o, Sibirin fəthini Rusiya ixracatının əsas tərkibi olan xəzlərin arxasınca düşməsi ilə izah edir.
Sibirdə “yerli tayfalar Hindistanda mümkün olmayan bir miqyasda məhv edilirdi; yerli əhalinin itkiləri daha çox Şimali Amerikada baş verənlərlə müqayisə oluna bilər”, – Etkind yazır.
Tarixçilərin verdiyi digər misallar arasında Rusiya tarixində ən uzunmüddətli (1817-1864) Qafqaz müharibəsini qeyd etmək olar. Onun məqsədi müstəqil dağlı xalqların məskunlaşdığı Şimali Qafqazı ələ keçirmək idi.
Bölgədə aparılan siyasəti çarın canişini general Yermolovun dedikləri təsvir edir, məsələn, o, çeçenləri “ucqar səfil gecəqondularında” təcrid etməyə vəd edirdi: aclıq “sakitləşdirmə” vasitələrindən biri idi.
Tədqiqatçılar qeyd edirlər ki, hətta Çeçenistandakı rus forpostu olan Qroznaya qalasının (hazırda Qroznı şəhəri) adı da qəsdən müstəmləkə xarakteri daşıyırdı.
Yermolov “dağlıları sakitləşdirmək” üçün cəza reydləri keçirirdi və onun varisləri də bu xətti davam etdirdilər.
Qafqazın zəbt edilməsinin nəticəsi “mühacirlik” kimi tanınan dağ xalqlarının fiziki məhvi və zorla qovulması oldu ki, yüz minlərlə çərkəz öz torpaqlarından didərgin düşdü.
“Çərkəzlər bizə nifrət edirlər. Biz onları azad otlaqlardan sıxışdırıb qovduq; onların kəndləri viran qaldı, bütöv tayfalar məhv edildi”, – Puşkin “Ərzruma səyahət” əsərində yazıb. Şair çarəni dağ xalqlarının pravoslavlığı qəbul etməsində görürdü, lakin eyni zamand o, bunun uğursuzluğa düçar olacağını dərk edirdi.
Bir sıra tarixçi çərkəz xalqının soyqırımını Qafqaz müharibəsinin nəticəsi hesab edir. Rusiyanın üç regionu – Kabarda-Balkariya, Adıgeya və Qaraçay-Çərkəz bölgələrinin hakimiyyət orqanları çərkəzlərin soyqırımını tanımaq xahişi ilə bir neçə dəfə Moskvaya müraciət etsə də, indiyədək bunu yalnız Gürcüstan tanıyıb.
Qazaxıstan və Sibirdən sürgün edilən Qafqaz xalqlarının yaşadığı yerlərə, Rus və ukraynalı kəndlilər köçürülürdü.
Artıq 19-cu əsrin sonlarında Daxili İşlər Nazirliyinin nəzdində Baş Köçürülmə İdarəsi yaradıldı ki, bu prosesləri idarə edirdi. Bu qurum həmçinin “Müstəmləkəçilik məsələləri” jurnalını buraxırdı.
Məskunlaşma imperiyada torpaq məsələsini həll etmək planlarının mühüm tərkib hissəsinə çevrildi.
Qafqazda olduğu kimi, tarixçilər Qazaxıstan və Mərkəzi Asiyada idarəçiliyin müstəmləkəçilik səciyyəsinə şübhə etmirlər. Rusiya Qazaxıstan torpaqlarını hələ rəsmi olaraq imperiyaya çevrilməkdən əvvəl birləşdirməyə başlamışdı, lakin bu proses yalnız 1890-cı illərdə tamamlandı.
Britaniya imperiyası ilə nüfuz uğrunda rəqabət aparan Rusiya 19-cu əsrin ortalarından başlayaraq Əfqanıstan, Hindistan və Çinlə sərhədə qədər bütün Qərbi Türküstanı ələ keçirdi, yerli xanlıqları özünə tabe etdi və bəzən minlərlə insanı öldürdü.
Bölgənin fəthinin son epizodlarından biri də general Skobelevin yürüşü zamanı Gök-Təpə qalasına hücum idi. Müxtəlif mənbələrə görə, Gök-Təpədə bir neçə min türkmən öldürülüb.
Sankt-Peterburqda kampaniya qələbə kimi qəbul edildi, lakin bununla hamı razılaşmırdı. Liberal gənclərin gələcək pərəstişgahı və daha sonra hərbi məktəbin kursantı olmuş şair Semyon Nadson Skobelevə həsr etdiyi şeirində onu dinc ölkəni viran qoymaqda ittiham etdi: “Sənin yolun – rüsvayçı yoludur!”.
Sovet tarixçiləri Skobelevin xatirələrindən sitat gətirirdilər: “Asiyadakı sakitlik birbaşa orada qətlə yetirilən insanların kütləsinə bağlıdır”.
“Gök-Təpədə iki min türkmən öldürdük; sağ qalanlar bu dərsi uzun müddət unutmayacaqlar: əlinin altına keçən hər şeyi qılıncla doğrayırdılar”, – general yazırdı.
1916-cı ildə, Birinci Dünya Müharibəsi vaxtı Mərkəzi Asiyada rus müstəmləkəçiləri və çar hökumətinə qarşı genişmiqyaslı üsyan başladı. Buna səbəb arxa cəbhədə işlər üçün yerli xalqların cəlb olunmasını nəzərdə tutan “yadellilərin rekvizisiyası” haqqında fərman idi. Amansızcasına yatırılan üsyan qırğız və qazaxların Çinə köçünə səbəb oldu.
Bu klassik haldır – Fransa, Britaniya və digər Avropa gücləri ərazilərin ələ keçirilməsini mədəniyyət və sivilizasiyanı yaymaqla əsaslandırıblar.
Ukrayna müstəmləkə olubmu?
Ukraynadakı müharibə onun tarixi ətrafında mübahisələri daha da kəskinləşdirib. 20-ci əsrin əvvəllərində ukraynalı mütəfəkkirlər deyirdilər ki, onların ölkəsi Rusiyanın müstəmləkəsi olub. Bununla belə, tarixçi Georgi Kasyanov hesab edir ki, müasir Ukrayna əraziləri klassik müstəmləkə olmayıb.
“Onlar metropoliyanın bir hissəsi idilər, bəzən metropoliyanı formalaşdırırdılar və Qərbdə olduğu kimi, 17-ci və 18-ci əsrin əvvəllərində bu ərazilərdən olan insanlar imperiya elitasını formalaşdırırdılar,” -Kasyanov deyir. O, 2021-ci ilə qədər Ukrayna Milli Elmlər Akademiyasının (AMEA) Ukrayna Tarixi İnstitutunda Müasir Tarix və Siyasət şöbəsinin müdiri olub.
Peterburqdakı hökumət Ukraynanı Qafqaz və Mərkəzi Asiya kimi müstəmləkə hesab etmirdi.
İmperiya hakimiyyətinin sadiq qaldığı konsepsiyaya görə ukraynalılarla belaruslar böyük rus millətinin tərkibi idi. Buna görə o, “ruslaşdırma” siyasətini aparırdı, ukrayna dilində kitabların nəşrinə qadağa qoyurdu və dil assimilyasiyasına nail olmaq istəyirdi.
Georgi Kasyanova əsasən, ruslaşdırma bəlkə də ən uyğun termin deyil, çünki hakimiyyət elə bu əraziləri də Rusiya hesab edirdi. O, ukraynalaşma və Ukraynanın yazılı mədəniyyət dili kimi yayılmasına qarşı çıxırdı.
Bu konsepsiya ilə təkcə Ukrayna ziyalıları deyil, həm də imperiya hakimiyyətinin əleyhdarları, bir sıra rus liberalları və sosialistləri də mübarizə aparırdılar.
İmperiyanın dağılması ilə ziddiyyətlər daha da dərinləşdi. Müstəqil Ukrayna dövləti yaradıldı, lakin 1919-cu ildə bolşeviklər Kiyevdə hakimiyyəti ələ keçirərək Ukraynanı yenidən Rusiyadan asılı vəziyyətə saldılar.
Əvvəlcə Sovet hökuməti milli dillərin və mədəniyyətlərin inkişafını təşviq edən “yerliləşdirmə” siyasətini həyata keçirdi. Lakin Stalin dövründə ruslaşma və imperiya ideologiyasının tərkib ünsürləri geri qayıtdı.
Əsas faciə 1932-1933-cü illərin Holodomoru idi – Ukraynada 3,9 milyona yaxın ukraynalının həyatına son qoyan kütləvi aclıq.
Ukraynada bu, rəsmi olaraq soyqırım kimi tanınır və əksər ukraynalı tarixçilər bu terminlə razılaşır. Bununla soyqırım termininin müəllifi Rafael Lemkin razılaşır. O, bunu əsaslandıraraq, aclıqla yanaşı Ukrayna elitasının və Ukrayna kilsəsinin də məhv edildiyini, viran qalmış kəndlərə rus kəndlilərinin məskunlaşdığını göstərir.
Rus tarixçiləri əsasən bu konsepsiya ilə razılaşmırlar. Onlar faciənin mütəşəkkil mahiyyətini inkar etmirlər, əksinə, bunu həmin illərdə Stalinin Qazaxıstan, Volqa çayı boyu və digər bölgələrdə qolçomaqlıqdan qalma və kollektivləşdirmə siyasətinin nəticəsi hesab edirlər.
Sovet Ukraynası ilə Moskva arasındakı münasibətləri araşdıran tarixçi İvan Lisyak-Rudnitski 1972-ci ildə SSRİ-nin dağılacağını proqnozlaşdırmışdı. O, hesab edir ki, Sovet İttifaqı anti-müstəmləkəçilik ideologiyasını elan etsə də, əslində müstəmləkə imperiyası idi:
“Ona legitimlik qazandıran prinsiplərlə həll olunmaz ziddiyyətlər içində olan bir rejim çox uzun müddət mövcud ola bilməz”.
Etkind hesab edir ki, hazırda Rusiya Ukraynada müstəmləkə müharibəsi aparır. Onun fikrincə, Rusiya hökumətinin məqsədi resursları ələ keçirmək deyil; onu revanşizm idarə edir: “Onlar bu torpağı qızıl və ya kömürə görə yox, artıq onlara məxsus olduğuna görə ələ keçirirlər”.
Bbc