Ölkədə ədalət ərşə çəkilib

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Saxta ittihamlarla Azərbaycan vətəndaşlarının həbsi davam edir. Hökumət öz vətəndaşına qənim kəsilib. İki gün əvvəl Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşidovun barəsində 30 sutka inzibati həbs qərarını qüvvədə saxlayıb. Açıq-aşkar saxtakarlıqdır. Əlikram bəy deyir ki, iyulun 26-da günorta metronun “İçərişəhər” stansiyasında saxlanılıb. Lakin iş materialında yazılıb ki, guya Badamdar qəsəbəsində kiminləsə “telefonla yüksək səslə nalayiq sözlər danışarkən” saxlanılıb və polis onu “söyüş söyməməyə” çağıran zaman “polisin tələbinə tabe olmayıb”. Belə uydurmanı heç Münhauzenin sərgüzəştlərində də tapmaq olmaz. Bizim polisin dedektiv yaradıcılığı getdikcə zənginləşir. Adamı quru sərhədlərin açılması tələbi ilə keçirilən aksiyaya görə tutublar. Əziz Məmiyev kimi. Amma ittihamı Culfa yoluna slırlar. Ölkədə bir balaca məhkəmə olsa yoxlayar ki, Əlikram Xurşudov deyilən anda ümumiyyətlə telefonla danışıb, ya yox.
Bu ölkədə ədalət ərşə çəkilib. Bir müddət əvvəl Əziz Məmiyəvə Amerika nömrələri vasitəsilə ilə zəng edib ən əxlaqsız küçə söyüşləri ilə özünü, ailə üzvlərini söyüb təhqir edirlər, buna əncam çəkən yoxdur, amma Əlikram Xudşudovu soymədiyi söyüşə görə tuturlar. Əziz bəyin DİN qarşısındakı aksiyasının qisası kimi onu 20 iyulda yenidən inzibatı qaydada həbs ediblər. DİN-i qaydalara görə “Qisas qiyamətə qalmasın gərək.”

Ölkəyə deport edilmiş mühacirlər hamısı bir büküm narkotika ilə “qayıdır”. Adam məətəl qalır ki, Almaniya Təhlükəsizlik orqanları bu adamları narkotika ilə necə təyyarəyə buraxıb. Hələ Təhlükəsizlik orqanları bir tərəfə, bəs narkotika iyinə həssaslığına görə aeroportda saxlanan təlim keçmiş itlər necə, onlar da sayıqlığın itirib?
Biz də isə deport olanların cibinə narkotika qoymaqla ürəkləri soyumur, hələ onları polis idarələrində zorlamaqla da təhdid edirlər. Məsələn, Quba rayonundan olan və Almaniyadan deport edilən Mütəllim Oruc həbsxanadan xəbər göndərib ki, onun cibinə narkotiki Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəhbəri Nəcəf Aydın oğlu və həmin idarənin işlər üzrə baş əməliyyat müvvəkili Quliyev Elman Ramazan oğlu atıb. Həmçinin məlumatda deyilir ki, Mütəllim Oruc Quba rayonunda polis idarəsində xüsüsi işgəncəyə məruz qalıb. Onu zoramaqla təhdid ediblər. Deyəsən bu zorlama məsələsində DİN-də son zamanlar yeni kadr ştatı açılıb. Çünki belə xəbərlər çox gəlir. Bundan əvvəl isə Almaniyadan deport edilən digər siyasi fəal AXCP üzvü Pünhan Kərimli saxta ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP üzvü Ziya İbrahimov isə mayın 19-da Almaniyadan deportasiya edilərkən Bakı Hava Limanında həbs edilmişdi. Ziya bəy aliment öhdəliyini yerinə yetirmədiyinə görə tutublar. Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, Cinayət Məcəlləsinin 306.1 maddəsinin sanksiyasına görə, İbrahimov iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Vəkil onu da əlavə edib ki, “İndiyədək Azərbaycanda Cinayət Məcəlləsinin bu maddəsi üzrə Ziya İbrahimovdan başqa heç kim həbsə alınmayıb”. Əgər bu ittihamı DİN “humanistlik” göstərib uşaqlara görə veribsə bəs indi Ziya bəy həbs ediləndən sonra uşaqlara alimenti kim verəcək”. Qərəz ortadadır.

Məsələ burasındadır ki, bütün bu saxta hökmlər, qanunsuz qərarlar, qurama itthamlar haqqında qətnamələr Azərbaycan bayrağının asıldığı məhkəmə zallarında olub. Necə olur ki, bu qədər rəzalət zamanı bayrağa hörmət yada düşmür? Ya ölkənin içində bayrağı təhqir etməyin bədəli yoxdur?