İctimai fəal Atatürkdən sitata görə xəbərdarlıq aldığını deyir

Bugün, avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyliyə Baş Prokurorluğun xəbərdarlıq verdiyi bildirilir.

Bu barədə İsmayılbəyli özü məlumat verib.

Fəalın sözlərinə görə, o, Facebook sosial şəbəkəsində yazdığı ilə bağlı avqustun 4-də Baş Prokurorluğa çağırılıb:

“Atatürkdən gətirdiyim sitata görə, dindirildim. Dünənki bir yazımda “xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir” deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb”.

İsmayılbəyli qeyd edib ki, bu Atatürkün sözləridir, ən əsası, yazıda müharibə başlatmağın cinayət olduğu deyilir və üstəlik, Azərbaycan özünü müharibə başladan tərəf hesab etmir:

“Postda da xüsusi olaraq hansı tərəfin müharibə başlatmasını qeyd etməmişdim”.

Fəal bildirib ki, ona Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən, rəsmi xəbərdarlıq verilib.

Son illərdə Baş Prokurorluq…

Həmin qanunun qeyd edilən maddəsində yazılıb ki, qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

Məsələ ilə bağlı Baş Prokurorluqdan isə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Son illər Baş Prokurorluq bir çox jurnalist, bloger və ictimai fəalı müxtəlif statusları ilə bağlı çağıraraq, onlara xəbardarlıq verir. Xüsusilə də Azərbaycan ordusu ilə bağlı statusların üzərində dayanılır. Baş Prokurorluq yalan məlumatların yolverilməz olduğunu vurğulayır.

Amma bəzi ekspertlər Baş Prokurorlugu senzura funksiyasını yerinə yetirməkdə qınayırlar.

Son günlər Dağlıq Qarabağda və Azərbaycanın Ermənistanla sərhəddində atəşkəsin pozulduğu, insan itkilərinin olduğu ilə bağlı məlumatlar yayılır.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Azadlıq radiosu