Dövlətə vurulan ziyanı kim ödəyəcək?

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Nazir məlum səbəblərdən məhv olmuş taxıl əkininə görə büdcədən ayrılan subsidiyadan və 50 faizini dövlətin qarşıladığı aqrar sığortadan danışmayıb. Söhbətin bu hissəsini mən davam etdirirəm. Əvvala onu qeyd edim ki, 1 hektar taxıl əkininə görə dövlət büdcəsindən fermerlərə 220 manat subsidiya verilir. 100 min hektar üçün subsidiya məbləği 22 milyon manat edir ki, onun da 25 faizini nağdlaşdırmaq, 75 faizini isə xüsusi dükanlardan gübrə alınmasına xərcləmək mümküdür. Göründüyü kimi dövlətin itkiləri 22 milyon manatdır. Bəs, bunun hesabını kim verəcək, cənab nazir?
Digər tərəfdən də Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarının ərazisində yetirişdirilən taxılın hər 1 tonunun satışından əldə edilən gəlirin 4 faizi, digər ərazilərdə isə 1,2-2,5 faizi qədər sığorta haqqı nəzərdə tutulur. Bu isə o deməkdir ki, riski yüksək olan ərazilərdə hər tondan 1000 manat gəlir əldə edildiyi halda onun 40 manat sığortaya gedir. Əgər sığorta hadisəsi baş verərsə, onda həmin gəlirin 90 faizini, yəni 900 manatı sığorta şirkəti fermerə ödəməlidir. Düzdür Azərbaycanda quraqlığa görə sığorta ödənişi nəzərdə tutulmur, həmçinin məhv olmuş taxın sahələrinin sığortalanmasına dair məlumatlar da yoxdur. İstənilən halda100 min hektar taxıl əkinləri məhv olubsa, onun hansı fermerlərə məxsus olması və haralarda əkilməsinə dair məlumatlar da açıqlanmalıdır. Azərbaycanda orta məhsuldarlığın 32 sentlər olduğunu nəzərə alanda quraqlığa görə məhv olmuş 100 min hektar ərazidə taxıl əkindən itkilərimiz 320 min ton olub, bu da buğdanın indiki qiymətilə 320 milyon manat deməkdir.
Hesab edirəm ki, baş verənlər aqrar, su və meliorasiya təsərrüfatı sahələrində pis idarəçiliyin göstəricisidir. Xüsusilə də taxıl qıtlığının mövcud olduğu indiki şəraitdə bunun üzərindən ötüb keçmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi dövlətə dəyən ziyana görə əlavə məlumatlar açıqlamalıdır.