Rusiya Xəzəri müharibə zonasına çevirir

AXCP sədri Əli Kərimli

Ukrayna şəhərləri növbəti dəfə Rusiyanın Xəzər Dəniz Donanması tərəfindən raket atəşinə tutulub. Xəzərdən vaxtaşırı atılan raketlər onun ekosisteminə ciddi zərər vurur, dənizi ciddi şəkildə zəhərli maddələrlə çirkləndirir. Ancaq əsas təhlükə bu deyil. Əsas təhlükə odur ki, Rusiya Ukrayna şəhərlərinə Xəzərdən atəş açmaqla oranı müharibə zonasına çevirir.

Hələlik Ukraynanın Xəzər dənizindən ona raket atan Rusiya gəmilərini vurmağa uyğun silahları yoxdur. Ancaq hələlik. Kim deyə bilər ki, 5 – 6 aydan sonra da Ukraynanın müvafiq silahları olmayacaq?

Təsəvvür edək ki, savaş uzandı və Ukrayna Rusiyanın Xəzər dənizindən ona raket atan gəmilərini vurma vasitələri əldə etdi. O zaman Xəzərdə hansı hərbi və ekoloji fəlakət yaşanar? O zaman Xəzəryanı dövlətlərin Ukraynaya “Xəzəri vurmayın, Xəzərə raket atmayın” deməyə haqqı çatacaqmı?

Xəzərin müharibə zonasına çevrilməsinin qarşısı indidən alınmalıdır. İlham Əliyev və digər Xəzəryanı dövlətlərin başçıları bu dənizin döyüş meydanına çevrilməsinə qəti etiraz etməlidirlər. Yox, əgər bunu edə bilmirlərsə və Rusiya Xəzərdən istədiyi hərbi məqsədlər üçün istifadə edib, bizlərə də təhlükə yaradırsa, o zaman Xəzər Azərbaycanın hərbi müttəfiqi Türkiyənin də üzünə qapanmamalıdır.

Ötən ilin payızında Azərbaycan və Türkiyə silahlı qüvvələri Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında birgə hərbi təlimlər keçirmişdi. İranın bu təlimlərə necə etiraz etdiyi yadınızdadır? Əslində Rusiya da bu təlimlərdən çox narahat olmuşdu. Sadəcə Türkiyə ilə xüsusi münasibətlərinə görə bu narahatlığı İran qədər aqressiv ifadə etməmişdi. Əvəzində Xəzəryanı dövlətləri məcbur etmişdi dəfələrlə bəyanat versinlər ki, Xəzər guya hərbsizləşdirilir və Xəzəryanı dövlətlərdən başqa heç bir ölkənin (söhbət hələlik Azərbaycanın rəsmi hərbi müttəfiqi Türkiyədən gedirdi) Xəzərdə silahlı qüvvələri ola bilməz.

Rusiyanın öz müdafiə nazirinin dililə yenidən SSRİ quracaqlarını bəyan etdiyi, ayrı-ayrı Rusiya siyasətçilərinin Xəzər dənizindəki Azərbaycana məxsus platformaları vurmaqla hədələdiyi bir vaxtda Azərbaycan üçün bütün vasitələrlə, o cümlədən Türkiyə ilə hərbi müttəfiqliyimizi gücləndirməklə istiqlalılımızı qorumağa hazır olmaq ən vacib prioritet olmalıdır.