İnflyasiya artsa da, uçot dərəcəsi dəyişmədi, səbəblər…

Uçot dərəcəsi 7,75, faiz dəhlizinin aşağı həddi 6,25 , yuxarı həddi isə 9,25  faiz səviyyəsində  qalıb

Azərbaycan Mərkəzi Bankı bugün, iyulun 29-da uçot dərəcəsini dəyişməz saxladığını açıqlayıb.

Uçot dərəcəsi 7,75, faiz dəhlizinin aşağı həddi 6,25 , yuxarı həddi isə 9,25 faiz səviyyəsində qalıb.

Bu il Mərkəzi Bank iki dəfə uçot dərəcəsini qaldırmışdı. İlk belə addım yanvarda atılmışdı. Sonuncu dəfə isə martda uçot dərəcəsi 7,25-dən 7.75-ə , faiz dəhlizinin aşağı həddi 6-dan 6,25-ə, yuxarı həddi isə 8,25-dən 9,25 faiz səviyyəsinə qaldırılmışd. İyunda faiz dərəcəsi sabit saxlanılmışdı.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, iyundan bəri faktiki və proqnozlaşdırılan inflyasiyayda həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib:

“Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir”.

Lakin qurumdan qeyd olunub ki, məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər:

“Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir”.

Azadlıq radiosu