Üsyankar şairdən möhtəşəm inqilabi şeir

Mübariz Məsimoğlu

Əlində qalmışıq nadan, kütbeyin,
Ayağı sürüşkən başı dazların.
Şərait yaradıb tayfapərəstlər,
Yalı artıq düşüb yerlibazların.

Onlara züy tutub dəstəbazlar da,
Haqqın, ədalətin üzülüb canı.
İsməti, əxlaqı kölgədə qoyub,
Qəhbə oğraşlığın şöhrəti, şanı.

Hirsindən çərləyib ərlər, igidlər
İrəli çəkilib kəmtər gədələr.
Qonub şirəsinə dul əntərlərin,
Ceyranlar ovlayır əntər gədələr.

Zora arxalanıb, zoru qudurdub,
Fağırı zor ilə ələ alıblar.
Zorlayıb xalqımın iradəsini
Mənim dovlətimi haldan salıblar.

Millət ola bilməz hələ bu millət,
Dövlətin milləti olana kimi.
Dövlət ola bilməz hələ bu dövlət,
Xalqla ətə- qana dolana kimi.

Dəyərsiz olana dəyər vermişik,
Buğdadan qiymətli olubdu darı.
Bu dövlət, bu millət yox ola bilər
Taxtından salmasaq tayfabazları.