Niyə Rövnəq Abdullayev qanun qarşısında cavab vermir?

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

SOCAR-ın 2021-ci il üçün hesabatı, eyni zamanda xarici qiymətləndirici tərəfindən aparılan maliyyə diaqnostikası bir çox qaranlıq məqamlara işıq salıb. Baxmayaraq ki, Rövnəq Abdullayev və onun oğru komandası ötən ildə də iş başında olub, amma SOCAR-a yeni rəhbərliyin gətirilməsi 2021-ci il ərzində şirkətin şişirdilmiş xərclərinin optimallaşdırılmasına və qənaətə şərait yaradıb.
Baxın, şirkət 2021-ci ildə 2020-ci ilə nisbətən təkcə əməliyyat xərclərin 663 milyon manat azaldı bilib. Belə ki, 2020-ci ildə şirkətin əməliyyat xərci 4 milyard 576 milyon manat olduğu halda, 2021-ci ildə 3 milyard 913 milyon manat təşkil edib.
Bununla yanaşı SOCAR-ın 2021-ci ildə 2020-ci illə müqayisədə inzibati xərclərinə 27 milyon manat qənaət edilib. Belə ki, 2020-ci ildə SOCAR-ın ümumi və inzibati xərcləri 1 milyard 483 milyon manat olduğu halda, 2021-ci ildə bu rəqəm 1 milyard 456 milyon manat olub.
Bundan başqa, 2021-ci ildə 2020-ci ilə nisbətən ən əhəmiyyətli 735 milyon manat azalma şirkətin «digər xərclər» maddəsində baş verib. Belə ki, 2020-ci ildə SOCAR-da «digər xərclər»i 1 milyard 930 milyon manat olduğu halda 2021-ci ildə bu göstərici 1 milyard 195 milyon manat .təşkil edib.
İndi də gəlin 1 il ərzində SOCAR-da bu 3 xərc maddəsindən əldə etdiyi qənaəti birlikdə hesablayaq: 663 milyon manat + 27 milyon manat + 735 milyon manat = 1 milyard 425 milyon manat.
Baxın, bu məbləğ 1 ildə xərclərin optimallaşdırılmasından əldə edilən qənaəti, yaxud xərclərin şişirdilməsindən Rövnəq Abdullayev və onun oğru komandasının qazancını ifadə edir.
Əgər Rövnəq Abdullayev və onun oğru komandası 1 il ərzində 1 milyard 425 milyon manat xərclərin şişirdilməsindən qazanıbsa, onda SOCAR-da gəlirlərin gizlədilməsindən xərlərlə müqayisədə dəfələrlə çox dövlət vəsaiti mənimsənilib. Bütün bunlar on illərdir ki, yalnız SOCAR-da deyil, demək olar ki, bütün dövlət şirkətlərində, o sıradan da AzərSu, AzərEnerji, Azərişıq, AZAL və digərlərində də baş verib.
Baş verənlər barədə illərlə yazılsa da dövlət başçısı İlham Əliyev özünü eşitməməzliyə, görməməzliyə vurub, indi də deyir ki, heç kim qanundan üstün ola bilməz. Onda nədən Rövnəq Abdullayev və onun oğru komandası qanun qarşısında cavab vermir, cənab prezident? Siz və ailəniz Londondakı mülkləri qanuni qazancınızla aldınızmı, məmurlar, o sıradan da Rövnəq Abdullayev sizdən örnək götürmədimi?