ABŞ-ın pul siyasəti Neft Fondunu da çətinə salacaq

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

ABŞ mərkəzi bankı (FED) artan tənəzzül riski qarşısında sərtləşdirmə strategiyasını davam etdirir. Son dörd onillikdə ən yüksək həddə davam edən inflyasiyanı azaltmaq üçün FED bu gün daha bir dramatik addım atmağa hazırlaşır. Belə ki, FED-in uçot dərəcəsini ardıcıl olaraq ikinci dəfə 0,75 faiz bəndi artıracağı gözlənilir.
“Financial times” yazır ki, FED-in sürətlə ardıcıl olaraq dərəcələri aqressiv şəkildə artırmaq qərarı “iqtisadiyyatın temperaturunu aşağı salmaq” və gələcək inflyasiya gözləntilərinin nəzarət altında saxlamaqdan irəli gəlir. Qəzet yazır ki, inflyasiyanın yeni zirvələrə çatmasına baxmayaraq, qızmar mənzil bazarı kəskin şəkildə soyuyub, ölkə daxilində işgüzar fəallıq yavaşıyıb və bir neçə yüksək profilli şirkət işə götürmə planlarını dayandıraraq ixtisarlar elan edib.
Məlumat üçün qeyd edim ki, hazırda bir çox iqtisadçılar növbəti 6-12 ayda tənəzzülü proqnozlaşdırır, bəzi hesablamalara görə, bu ABŞ-da işsizlik səviyyəsi hazırki 3,6 faizdən 5 faizə qədər qalxacaq. BVF-nin hesablamalarına görə, dünyada iqtisadi artım tempi aşağı düşəcək.
Fed-in aqressiv faiz dəyişiklikləri bu günə qədər məhsuldar və təsirli olub, bunun müqabilində dolların dünya bazarlarında mövqeyi möhkəmlənib, avro, funt sterlinq, zlotı, forint, lirə və bir sıra başqa valyutalar son zamanlar kəskin dəyər itirib.
FED-in bugünkü qərarı adları çəkilən valyutaların ABŞ dollarına nisbətdə dəyərsizləşmə tempini sürətləndirə bilər.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) indiyə qədər bu qərarlaşan tendensiyanı nəzərə almadğına görə, ARDNF-nin son 6 ayda valyuta məzənnəsindən itkiləri 1 mlrd. 793 mln. manatdan və ya 1,05 milyard dollardan çox olub. Hazırda ARDNF-nin vəsaitlərinin 71 faizi ABŞ dollarında, 19,6 faizi avroda, 4,8 faizi funt sterlinqdə, 1,2 faizi Çin yuanında, 1,1 faizi Yapon yenində, 0,6 faizi Avstraliya dollarında, 0,4 faizi rublda, 0,4 faizi türk lirəsində, 1,9 faizi isə digər valyutalarda saxlanılır. Bu isə o deməkdir ki, cari ilin 2-ci yarısında da valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri artacaq.