Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Uşaqpulunun verilməsindən, qazilərin tibbi və maddi ehtiyaclarının təmin edilməsindən söhbət düşəndə isə “Pulumuz yoxdur!” deyirlər. Bəs qazanılan bu milyardlar kimlərin hesablarına, hansı ofşor şirkətlərə ötürülür?
Gömrük Komitəsinin açıqladığı məlumata görə Azərbaycan bu ilin yanvar-iyun dövründə 18,5 mlrd dollar həcmində mal ixrac edib və ixrac olunan bu mallar DSK-nın açıqlamasına görə, ötən ilin eyni dövrünə nəzərən, 77,3% bahalaşıb. Bu iki rəqəmin əsasında sadə riyazi hesablamalar aparmaqla bahalaşmanın gətirdiyi əlavə gəlirlərin 8,1 mlrd dollar olmasını üzə çıxara bilərik (18,5-18,5/1,774≈8,1). Əgər dəqiqləşdirmələr aparsaq, məlum olar ki, əldə olunmuş bu 8,1 mlrd dolların 7,9 mlrd dolları və ya 98%-i neft-qaz sektorunun hesabınadır.
Hesablamalar götərir ki, bu ilin yanvar-iyun ayarında xam neft, neft məhsulları və təbii qazın ixrac satış qiymətləri orta hesabla 87% artıb.
2021-ci ilin yanvar-dekabr dövrünə aid məlumatların təhlili göstərir ki, neft-qaz sektorundan ixrac olunan mallar il boyunca 61% bahalaşıb və bu hesaba ötən il 7,4 mlrd dollar məbləğində əlavə gəlir götürülüb (ixracın həcmi 19,5 mlrd dollar təşkil edib).
Diqqət edin, karbohidrogen ehtiyatlarının ixrac-satış qiymətləri bu ilin 6 ayında o qədər sürətlə artıb ki, bahalaşmanın yarım ildə gətirdiyi əlavə gəlirlər ötən ilin illik gəlirlərini 500 milyon dollar üstələyib.
Hesablamaları davam etdirsək, məlum olar ki, neft sektorundan ixrac olunan malların qiymətləri 1 il 6 ayda 3 dəfə artıb və bu bahalaşma Azərbaycana əlavə olaraq 15,3 milyard dollar (7,9+7,4) və ya 26 milyard manat (15,3•1,7≈26) qazandırıb.
Ucu-bucağı görünməyən bu milyardların üzərinə Gömrük Komitəsində süni şəkildə təşkil olunmuş idxal bahalaşmasından götürülən, habelə ölkədaxili bazarlarda hökumətin təşviq etdiyi böyük bahalaşmadan qazanılan milyardları da əlavə etmək lazımdır.
Əldə olunan bu milyardlara nələr eləmək olmaz! Bu qədər vəsaitə nəinki uşaqpulu vermək, nəinki pensiyaları, qazilərə verilən sosial müavinətləri əhəmiyyətli dərəcədə artırmaq, hətta şəhər salmaq olar.
Mənbələr:
1) https://customs.gov.az/uploads/exported/2022/2022_6.pdf?v=1658123466
2) https://stat.gov.az/news/macroeconomy.php?page=1
3) https://customs.gov.az/uploads/exported/2021/2021_12.pdf?v=1643354025
4) https://stat.gov.az/news/macroeconomy.php?page=6