Əliyev rejiminə polis lazımdır,alim yox

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Dünən AzTv-də Elmlər Akademiyası ilə bağlı tənqidi süjet getdi. (Link şərhdə) Deməli, qızmar günəş altında ictimai rəyi hazırlayırlar, payıza hazırlaşırlar. Görünür Ramiz Mehdiyev getməklə məsələ qurtarmadı. Yəqin “Paşa Holdinq”dən kimisə prezident gətirmək istəyirlər. Süjetin mahiyyəti ondan ibarətdir ki, “Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib”. Nə dəyişməliydi ki? Jurnalist xanım deyir ki, İlham Əliyev 7 il qabaq Akademiyan;n qarşısına vəzifə qoyub. Akademiyanın qarşısına vəzifə qoymaqla iş bitmir e, elmə normal pul buraxmaq lazımdır, normal büdcə ayırmaq lazımdır. Bu olmadan hansı dəyişikliklər ola bilərdi? Əgər dünyada nəşr olunan akademik jurnalları almağa, elmi ezamiyyətlərə getməyə AMEA-nın pulu yoxdursa, hansı elmin inkişafından söhbət gedə bilər?

Yayın bu çırha-çırında AzTv Akademiyadan tənqidi süjet verirsə, deməli bu sadəcə olaraq baş ekrançıların elmə qayğısından irəli gəlmir. Amma jurnalist xanımın iylun 25-də saat 5-də gəlib Akademiyanın qapısında durub binadan bayıra çıxan alimləri güdməsi onun reportaj hazırladığı sahədən xəbərsiz olmasından əlavə, bir az da gülməlidir. Çünki iyul ayının birinci yarısında Akademiyanın institutlarında hamını (əvvəlcə elmlər doktorlarını, bir həftə sonra fəlsəfə doktorlarını) yay məzuniyyətinə göndəriblər və həmişə də belə olub. Əgər adamlar yay məzuniyyətindədirsə, kim çıxmalıydı o qapıdan.

Deməli AzTv verilən tapşırığa əsasən nehrəni arxasından çalxalayır. Akademiyada tənqid edilməli çox şey olduğu halda, özlərindən süç düzəldirlər. Şübhəsiz ki, oyun prezidenti əvəz edən Arif Həşimovun başındadır. Əgər Akademiya ağır durumdadırsa, bu indi baş verməyib. Ata-oğul Əliyevlər bunu 53 illik idarəçiliyi dövründə yaradıblar. İndi şəxsi ailə rejimi yaratmaq üçün hakimiyyəti regional dayaqlardan ailəvi dayaqlar üzərinə keçirirlər. Akademiya da bunun bir həlqəsidir.

Şübhəsiz ki, Arif Həşimov Ramiz Mehdiyevdən fərqli olaraq yüksək elmi göstəriciləri olan bir alimdir, yaxşı ziyalıdır, mədəni adamdır, akdemiyanı da alim kimi idarə edir, polis rəisi kimi yox. Amma görünür onun mədəniliyi (həm də tək mədəniliyi yox) yuxarılarda kimlərisə təmin etmir. Çünki bu hakimiyyətə polis lazımdır, alim yox.

AzTv gəlib Akademiyanın qarşısında saat 5-də işçiləri güdə bilir. Amma heç maraqlanmır ki, məzuniyyət vaxtı 40-42 dərəcə istidə saat 5-ə qədər bu adamlar nəyin naminə elementar iş şəraiti olmayan binada oturmalıdırlar. Elmlər doktoru olan şöbə müdiri 670 manat (yəni 394 dollar), fəlsəfə doktoru olan şöbə müdiri 657 manat (yəni 386 dollar), baş elmi işçi 590 manat (yəni 347 dollar), böyük elmi işçi 429 manat (yəni 252 dollar), texniki işçilər 300 manat (yəni 176 dollar) əmək haqqı alır və əlvə olaraq Gömrük Komitəsinin bərəkətindən son bir il ərzində 50-70 faiz arasında yüksələn ərzaq məhsullarının qiyməti. Məsələn AzTv maraqlanmır ki, günlük maaşı ortalama 11-12 dollar olan bu alimlər, bu ziyalılar bu donluğa necə ailə saxlamalıdırlar? “Asayişi qorumaq naminə” Akademiyanın qarşısında vurnuxan, paqonu vicdanından təmiz olan polis nəfəri professordan çox maaş alır. Bax bundan danışmaq lazımdır, bundan! Sədəqə xarakyeri daşıyan bu simvolik əmək haqqına görə evindən çıxıb Akademiyaya gələn bu alimlərə, bu ziyalılara çox sağ ol demək lazımdır, qapını güdmək yox. Onların xaricdəki həmkarlarının bir aylıq əmək haqqı Azərbaycan aliminin bir aylıq əmək haqqından orta hesablar 12-15 dəfə artıqdır. Özləri də həftədə iki dəfə işə gəlir, qalan vaxtı onlayn işləyirlər.

P.S. Elmlər Akademiyası ilə mənim hansısa bir bağlılığım yoxdur. Heç vaxt orada işləməmişəm. Heç bundan sonra Akademiya seçkilərində iştirak etmək kimi bir fikrim də yoxdur. Amma Akademiya işçilərinin əmək haqları ilə bağlı hələ MM-də olanda hökumət üzvləri ilə çox mübahisələrimiz olub, çox yerlərə müraciət etmişəm.