İyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı inzibati qaydada həbs olunmuş Müsavat üzvü Əziz Məmiyevin bədənində xəsarətlər var.
Bu haqda Müsavat Partiyasından məlumat verilib. Partiyadan deyilir ki, iyulun 22-də vəkil Osman Kazımov Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Ə.Məmiyevlə görüşüb: “Əziz bəyin sağ bud nahiyəsində xəsarət izi var. O vəkilə bildirib ki, saxlanılandan sonra polis bölməsinə aparılıb və maşından düşürəndən sonra bölmənin qarşısında onu döyüblər. Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcək və məhkəmə qərarından apellyasiya şikayəti verəcək”.
Daxili İşlər Nazirliyindən “Turan”a Ə.Məmiyevin döyülməsi iddiasını təkzib ediblər.
Müsavatçının atası oğlu ilə görüşə buraxılmadığını deyir
İyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyası zamanı inzibati qaydada həbs olunmuş Müsavat üzvü Əziz Məmiyevin atası ilə görüşə buraxılmadığı bildirilir.
Bu barədə fəalın atası İltifat Məmiyev məlumat verib. Onun sözlərinə görə, iyulun 21-də oğlu ilə görüşmək üçün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gəlsə də, görüşə icazə verilməyib: “Karantin qaydalarına uyğun olaraq görüşə icazə olmadığını dedilər”.
İ.Məmiyev oğluna görə narahat olduğunu söyləyib.
Sosial şəbəkələrdə Ə.Məmiyevin döyülməsi haqqında iddialar yayılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Turan”a həmin iddiaların əsası olmadığını bildirib. O, siyasi fəalla görüşə icazə verilməməsini isə İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə görüşə getməzdən öncə DİN-ə müraciət etmək lazım olması ilə əsaslandırıb: “Müraciət müvafiq qaydada baxılandan sonra cavab veriləcək”.
Azadlıq radiosu