Maaş artımını inflyasiya heçə endirib

Maliyyə professoru Fariz Hüseynli

Maaşlar artır deyəndə gərək satınalma gücünü də deyək. Maraq üçün müəllimlərin maaşına baxıram. Tapdığım və təsdiqlədiyim rəqəmlərlə hesablama edəcəm, səhvdirsə düzəltməyə hazıram:) Deməli, 2016-cı ilin normativinə görə təzə işə girən, diaqnostikadan keçən və 18 saat dərs deyən (əksəriyyət daha az dərs deyir) müəllim 350 manat alırmış. Bildiyim qədərilə indi alır 552 manat. Maaş 60 faiz artıb, amma bu nominaldır.

Rəsmi inflyasiya rəqəmlərinə görə 2016-da 100 manata bazardan aldığını indi 165 manata almalısan. O vaxt 350 manat alan müəllim bu gün gərək azı 575 manat ala. 552 manat maaş verib deyiriksə ki, sənin maaşını artırmışıq, bu olur nominal, amma bazara gedəndə görəcək ki, real olaraq artmayıb, hələ azalıb. Hansı staj kateqoriyasına baxsanız görəcəksiz ki, onlar da satınalma gücünü itirib. Bunlar mənim bildiyim rəqəmlərdi, normativlərə və mənə deyilənlərə görə. Səhvdirsə rəqəmləri dəyişib yenidən hesablayaq, hələ rəsmi inflyasiya rəqəmlərindən istifadə etmişəm.

Başqa cür müqaisə edək – dollara görə. Bildiyimə görə 2014-də 12 saat stavkası olan müəllim 155 manat alırdı, deyək ki, 18 saatı olan da alsın 250 manat (bəlkə də çox alırdı, amma azdan götürək). O vaxtı diaqnostika yox idi, deyək ki, müəllim diaqnostikanı keçir və işə başlayır. Dollar hesabı edək. 250 manat o vaxtı alırdı 333 dollar, indi diaqnostikanı keçən 552 manat alsan edər 325 dollar. Yenə eyni şey, artım demək olar yoxdur. Bəs dollar axı yerində dayanmayıb, o da satınalma gücü itirib, Amerikanın istehlakı xərcləri indeksinə baxsaq hardasa 20 faiz dəyər itirib. Deməli o vaxtın 333 dolları indi olmalıdır 400 dollar, yeni kursla 680 manat, amma alır 552 manat.

Diaqnostika keçiriləndə əsas həvəsləndirmə o idi ki, maaşlar artacaq. 2014-ə baxmış da nominal artıb, amma dollarla eyni qalıb. Əvvəlcə bir artım olub, amma ondan sonrakı dövrdə diaqnostikanı keçməyənlərin maaşında daha çox faiz (nisbət) artımı olub, nəinki diaqnostikanı keçənlərin. Bircə diaqnostikanı keçməyib 18 saatdan çox dərs deyənlərin maaşı elə də sürətlə artmayıb. Elə bil diaqnostikadan keçənlər illər üzrə real maaş və artımın nisbəti baxımından daha dezavantajlı vəziyyətdə olublar.

Diaqnostikadan keçən, tez tez yoxlamaya məruz qalan müəllimlərin maaşları da bazarda əriyirsə müəllim nə etməlidir? Hələ mən bu maaşlardan kəsintiləri, sığortanı vəs.ni nəzərdə tutmuram. Mütləq əlavə qazanc yeri axtarmalıdır. Məsələn repetitorluq. Soruşurlar repetitorluq niyə böyük sahədir – çünki birincisi, təklif var (müəllimə əlavə qazanc lazımdır) və ikincisi, tələb var (tələbəyə və məqsədə uyğun təhsilə görə). Repetitorluğu azaltmaq üçün tələb-təklif yaradan şərtləri dəyişmək lazımdır – maaşlar artmalı və tələbənin repetitorluğa meyl edən təhsil tələbləri məktəbdə verilməlidir. Maaşlar nə qədər artmalıdır desəniz, məsələn deyək ki, satınalma gücünü qorumaqla eyni nominal artımı vermək istəyiriksə diaqnostikanı keçən stajsız 18 saat dərs deyən müəllim gərək 900 manatdan çox ala, 20 illik stajı olan isə təxminən 1200.

Yazı uzun olsa da, iki məsələni deyim. Daha böyük iqtisadi vəziyyətə baxanda, kasıblıq bir ölkənin ən böyük problemidir, əhalinin böyük əksəriyyəti kasıb olanda, aşağı maaşa işləyəndə inkişafa zəmin olmur, innovasiya, yeniliklər bahalı olur və əhali də alım qabiliyyətini artıra bilmir. İkincisi, onsuz da müəllim keyfiyyəti aşağıdır, niyə yüksək maaş verək. Təəssüf ki, dünyanın harasında olursan ol, 500 manatlıq maaşla 3000 manatlıq müəllim yaratmaq olmur. Həm keyfiyyətli müəllim də gərək keyfiyyətli pedaqoji təhsil ala, təkcə maaşla olmur. Başa düşürəm, yüksək maaş da həm də görülən işdən yüksək dəyər yaratmaq deməkdir. Yüksək dəyəri isə təhsil sistemi və əmək bazarı yaratmalıdır, bunda fərd olaraq müəllimin günahı çox azdır.