Bakıda quru sərhədin bağlanmasına etiraz

İyulun 20-də Bakıda bir qrup şəxs saat 12-də Nazirlər Kabinetinin qarşısına yığışaraq quru sərhədlərin açılması tələbi ilə aksiya keçirmək istəyib. Aksiyaçılar yolboyu “Sərhədləri bağlama, xalqı əsir saxlama” deyə şüarlar səsləndiriblər. “Bu qərar insanların mənafeyinə ziddir. Ona görə də burada toplaşmışıq. Amma polis sözümüzü deməyə imkan vermir”,- aksiyaçılardan Əlövsət Sadıqlı deyib.

Polis onların hökumət binasına yaxınlaşmasına imkan verməyib, aksiya iştirakçıları avtomobilə otuzdurularaq naməlum istiqamətə aparılıb. Artıq 15 nəfərdən çox şəxsin saxlanıldığı bildirilir.

Hazırda aksiya iştirakçıları qrup şəklində şüarlar səsləndirirlər. Quru sərhədlərin açılması tələbi ilə yanaşı, “Azadlıq”, “İstefa” şüarları da eşidilməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Turan”a bildirilib ki, razılaşdırılmamış aksiyada saxlanılan olmayıb: “Razılaşdırılmamış aksiya ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmuşdu. Saxlanılan yoxdur, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.

Aksiyanın təşəbbüskarı Müsavat Partiyasının üzvü Tofiq Yaqubludur.

Azadlıq radiosu