Milli Şura sədrindən AXCP-yə ad günü təbriki

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Təbriklər Xalq Cəbhəsi! Ölkəyə müstəqillik qazandırmış, ağır və şərəfli mübarizə yolunda xalqın cəbhəsinə çevrilmiş bir təşkilatın yaranmasından 33 il keçir. 1989-cu ilin qızmar bir yay günündə yarandı AXC və tezliklə xalqın inam və güman yerinə çevrildi. Oddan-alovdan keçdi, öz mübarizə əzminə görə tarixə nümunə verdi, millətin imzasını azad dünya xalqlarının imza srgisinə qoydu. Əbülfəz Elçibəy başda olmaqla bu təşkilatı yaradanlar təkcə AXC-nin deyil, bəlli bir zamanda tarixin yaradıcısı rolunda çıxış etdilər.

Mənim də həyatımın ən fərəhli illəri bu təşkilatda keçib. Fenomenal təşkilatdır Xalq Cəbhəsi. Ölkədə istibdada, müstəbidliyə, tiranlığa, ailə hakimiyyətinə, yolsuzluğa qarşı ardıcıl mövqeyi ilə bu gün də mübarizənin önündədir Xalq Cəbhəsi. Bilmirəm bəlkə 33 yaşına yetişməyi ilə bağlıdır, güclü gənclər təşkilatı var Cəbhənin.

Bu gənclərə baxanda, onların intellektual potensialını müşahidə edəndə, müasir innovasiya texnologiyalarından istifadə bacarığını görəndə, bir daha əmin olursan ki, ölkəmizin yalnız keçmişi deyil, gələcəyi də çağdaş inkişaf meyllərini vətən və millət sevgisiylə cilalayn bu gənclərə, onların təmsil olunduğu Xalq Cəbhəsinə bağlıdır. Yaşasın Xalq Cəbhəsi!