Qaziləri bu vəziyyətə salan İlham Əliyevdir

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Müharibənin bitməsindən hələ iki il keçməyib. İki gün əvvəl 36-cı qazi özünə od vurub yandırdı. Elvini yaşadığı rayonda heç bir rəhbər işçi qəbul edib dərdini dinləmədi, dərdinə çarə qılmadı. Elvin intihar öncəsi icra başçısı Siraqəddinin qəbuluna düşə bilmədiyindən yana-yana danırdı. Bu səbəbə də özünü yandırdı. Onu sağlığında qəbul etməyə 5 dəqiqə vaxt tapmayan Siraqəddin qazinin yasına gəlib yuxarı başda oturdu. Böyük Şəhriyarın bu misraları mənzərəni çox dəqiq ifadə edir:

Bar ilahi! Sən bizə ver bu şəyatinidən nicat,
İnsanın nəslin kəsib, ver insə bu cindən nicat.
Ya kərəm qıl, kinli şeytanın əlindən al bizi,
Ya ki, şeytanın özün ver bircə bu kindən nicat.
Öldürür xəlqi, sora xətmin tutub, yasin oxur,
Bar ilahi, xəlqə ver bu hoqqa yasindən nicat.

Qazilərin özünü odlaması ümummili prosesə çevrilib. Siraqəddin bu məsələdə kiçik, olduqca kiçik vücuddur. Şübhəsiz ki, bu 36 qazinin qanı İlham Əliyevin vicdanına yazılmalıdır, əgər o vicdan varsa. Qazı intiharı ölkədə məhəlli xarakter daşımır. Bütün ölkə boyu davam edir. Qazinin pensiyasın kəsən də, dərəcəsin aşağı salan da, onun qürurun tapdalayan da İlham Əliyevdir, onun anti-milli siyasətidir, varlanmaq hərisliyidir, feodal təbiətidir, hakim ailənin hüdudsuz tamahıdır. Budur məsələnin kökü, özünə od vurub yandıran qazilərin ərşü-əlayə qalxan alovünün tüstüsündə boğulan Azərbaycanın faciəsi.

Adam qazilərin qanı ilə azad edilmiş torpaqlarda aqroparklar, ailə şirkətləri yarada bilir, pul tələsi olan ağıllı kənd, aeroportlar sala bilir, amma qazinin əlillik dərəcəsini az qala millimetrlə müəyyən etdirir. Müharibədən qələbə ilə çıxan qəhrəmaların qürurunu sındırır, təhqir edir, alçaldır. Şəhriyarın yuxarıdakı misraları da böyük anlamda İlham Əliyevə aiddir.