Rusiya-Ukrayna müharibəsinin bizim üçün də taleyüklü olan ibrət dərsi

AXCP sədri Əli Kərimli

Rusiya-Ukrayna savaşı təkcə 10 minlərlə gəncin həyatına son qoyan, milyonlarla insana acı yaşadan böyük fəlakət deyil, həm də bütün diqqətli müşahidəçilər üçün ibrət dərsidir, müasir müharibələrin taktika və strategiyasını nümayiş etdirən əyani dərs vəsaitidir. Hər bir müharibə hərb sahəsində ən son trendləri ortaya çıxarır. İkinci Qarabağ müharibəsi də hərb sənətinə xeyli yeniliklər gətirmişdi. Məsələn, müasir müharibədə PUA-ların nə qədər önəmli olduğu məhz Qarabağ savaşında ciddi şəkildə təsdiqlənmişdi.

Rusiya-Ukrayna savaşı daha böyük miqyaslı və uzunmüddətli olduğundan ortaya daha çox ibrət dərsləri çıxarıb.

Bu savaş təsdiq etdi ki, müasir müharibədə “cəbhə xətti” anlayışı artıq şərti xarakter daşıyır. Əsas savaş səmada gedir. Bacaran tərəf düşmənin yüzlərlə, hətta minlərlə kilometrlik dərinliyindəki vacib, strateji obyektləri hədəf seçir. Təsdiq olundu ki, müasur müharibə üçün hava hücumu və hava hücumundan müdafiə vasitələri ən həlledici savaş vasitələridir. Havada üstünlüyü təmin etmədən heç bir qalıcı hərbi qələbə mümkün deyil.

Rusiya-Ukrayna müharibəsi onu da sübut etdi ki, ən qədim silahlardan olan artilleriya hələ də müharibələrin taleyini xeyli dərəcədə həll edir. Xüsusilə də uzaqmənzilli dəqiq artilleriya sustemləri və uzaqmənzilli yaylım atəşi sistemləri müasir savaşların taleyini həll edən əsas silahlardandır.
İndi bütün ölkələr gələcək müharibələrə məhz bu ibrət dərslərini nəzərə alaraq hazırlaşırlar. Məsələn, yaxın 5 il üçün silah və hərbi texnika almağa 100 milyard avro vəsait ayıran Almaniya bu vəsaitin üçdə birini təkcə müasir F- 35 təyyarələri almağa xərcləyəcək. Almaniya hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməyə də xeyli vəsait xərcləməyə hazırlaşır. Rusiya-Ukrayna savaşı gedə-gedə artıq Almaniya
İsrailin (ABŞ-ın dəstəyilə hazırladığı) Arrow raketdən müdafiə sistemlərinin son variantını almaq qərarı verib. Arrow indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur.

Azərbaycan mətbuatında getmiş məlumatlara görə, ölkəmiz 2012-ci ildə bu sistemlərin ozamankı versiyasını alıb. Ancaq biz 2-ci Qarabağ savaşı günlərində bu sistemin effektli şəkildə istifadəsinin şahidi olmadıq. Ola bilsin ki, bu sistemlər məhdud sayda alınıb, ya da başqa səbəb olub.

Mənim bu yazını yazmaqda məqsədim diqqəti keçmişdə baş vermiş hansısa yanlışa cəlb etmək yox, son müharibənin dərslərini nəzərə almaqla dövlətin müdafiəsini daha savadlı şəkildə təşkil etməyə çağırış etməkdir.

Ölkəmizin hava hücumu və hava hücumundan müdafiə qüvvələri, raket və artilleriya qoşunları müasir silahlarla və təcili qaydada möhkəmləndirilməlidir. Unutmamalıyıq ki, rəsmən hələ də müharibə vəziyyətindəyik. Ətrafımızda hansısa müəmmalı və təhlükəli proseslər gedir. Üstəlik, çox mürəkkəb coğrafiyada yerləşirik. Dövlət olaraq sürpriz hadisələrə də hazır olmalıyıq. Hər halda Azərbaycanın təhlükəsizliyi məsələn, Polşanın, Hollandiyanın, Türkiyənin, Almaniyanın və bu qəbildən olan dövlətlərin təhlükəsizliyindən daha yaxşı qorunmur. Ancaq qeyd etdiyim dövlətlər hazırki sosial-iqtisadi çətinlik dövründə öz hava hücumu və hava hücumundan müdafiə qüvvələrini möhkəmlətmək üçün əlavə olaraq 10 milyardlarla dollar vəsait xərcləməyə hazırlaşırlar.

Hökumətin dəfələrlə artmış neft pullarından onsuz da bu xalqa nəsə vermək fikri yoxdur. Artıq qalan pullar hansısa yollarla yenə də ofşorlara daşınacaq. Heç olmasa, o əlavə vəsaitin bir hissəsi dövlətin müasir müdafiə vasitələrilə təchiz edilməsinə xərclənsin.