Tbilisidə Gürcüstanın bütün regionlarından on minlərlə insan “Xəcalət” qeyri-hökumət təşkilatı (QHT) rəhbərlərinin hakimiyyətə verdiyi 7 günlük ultimatum bitəndən sonra yenidən mərkəzi Rustaveli prospektində, parlament binasının yaxınlığında toplaşıb. Bir həftə əvvəl məhz onlar “Evə-Avropaya” kütləvi ictimai hərəkatının təşəbbüskarı olublar.
Ultimatuma əsasən, Baş nazir İrakli Qaribaşvili bazar gününə (iyulun 3-ü) qədər istefa, hakim “Gürcü arzusu” partiyası isə Avropa İttifaqının (Aİ) 12 şərtini yerinə yetirmək üçün xalqın etimadına malik “texniki hökumət”in yaradılmasına razılıq verməli idi.
Aksiyada Qaribaşvili hökuməti istefa verənə qədər mitinqin davam etdirilməsi ilə bağlı qərar oxunub. Mitinq dinc şəraitdə, gürcü və Ukrayna mahnılarının sədaları altında keçirilir.
İyunun 17-də Avropa Komissiyasının rəhbəri Ursula von der Layen Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verildiyini açıqlayıb. Gürcüstana status almaq üçün bir sıra şərtləri yerinə yetirmək tapşırılıb. O cümlədən, siyasi, iqtisadi həyatın deoliqarxizasiyası, depolarizasiya, məhkəmə islahatlarının müstəqilliyinin təmin edilməsi və jurnalistlərin, eləcə də müxtəlif azlıqların hüquqlarının müdafiəsi də daxil, ölkədə bir sıra sistemli islahatlar aparılmalıdır.
Baş nazir Qaribaşvili istefa verməkdən imtina edib, hakim partiyanın sədri İrakli Kobaxidze isə müxalifətə Aİ-nin şərtlərini mərhələli şəkildə yerinə yetirmək üçün bir neçə parlament komissiyası yaratmağı təklif edib.
Müxalifət partiyalarının liderləri, o cümlədən onların ən böyüyü sayılan – Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkatı “Gürcü arzusu” ilə istənilən danışıqları “mənasız” hesab edir.
Azadlıq radiosu