AXCP sədri Əli Kərimli
500 milyard avro! Siz bu pulun nə qədər çox olduğunu təsəvvür edirsiniz? Təsəvvür etmək üçün bir neçə müqayisəyə nəzər salaq. Məsələn, 500 milyard avro 25 ildir dünya bazarına külli miqdarda neft satan Azərbaycanın bütün valyuta rezervlərindən (54 milyard dollar) 10 dəfə çoxdur. 500 milyard avro Ukraynanın ötənilki dövlət büdcəsindən (45 milyard dollar) 12 dəfə, müdafiə xərclərindən (4 milyard dollar) 140 dəfə, bütövlükdə təhlükəsizlik sektoru üzrə xərclərindən (9 milyard dollar) 60 dəfə çoxdur. 500 milyard avro Rusiyanın illik müdafiə büdcəsindən 8.5 dəfə çox vəsaitdir.
Avropa Birliyi məhz bu qədər – 500 milyard avro pulu Ukraynanın bərpasına və Ukrayna iqtisadiyyatının yenidən qurulmasına xərcləməyə hazırlaşır. “Ukraynanı ortada tək buraxıb, qurban verdilər”, “Avropa Birliyi də, ABŞ da Ukrayna-Rusiya savaşında ancaq öz cibini, marağını güdür”, “Avropaya, Amerikaya bizim ancaq sərvətlərimiz lazımdır”, “Qərbə inteqrasiya etsək, yeni imperialistlər bizim sərvətlərimizi sümürəcək” deyənlərin nə qədər haqsız olduğunu gördünüzmü?
İndi təsəvvür etdinizmi ki, Avrointeqrasiya inkişaf üçün, həyat səviyyəsini qaldırmaq üçün dövlətlərə, xalqlara nə qədər geniş imkanlar yaradır? Tək Ukrayna deyil ki. Avropa Birliyinə üzv olan, olmaq istəyən bütün dövlətlər Avropa Birliyinin müxtəlif fondlarından 10 milyardlarla, bəziləri 100 milyardlarla avro yardım alır. Məsələn, Avropa Birliyinin yeni üzvlərindən olan Polşa özü kifayət qədər böyük, güclü dövlətdir. Ancaq Polşa belə indiyə qədər AB fondlarından 100 milyardlarla avro yardım alıb. Elə bu il Polşa pandemiyadan sonra iqtisadiyyatın bərpası proqramı çərçivəsində Avropa Birliyindən 36 milyard avro yardım alacaq. Ya da qonşu Gürcüstana baxaq. AB ilə hələlik yalnız Assosiasiya Sazişi imzalamış 3.7 milyon əhalisi olan Gürcüstana AB 3.8 milyard avro yardım ayırıb.
Bütün bunları bilib, ölkəmizdəki ailə hakimiyyətindən və müxtəlif xarici ölkələrdən istiqamətləndirilən anti-Avropa təbliğatına uymamalıyıq. Rəsulzadə yolunda olmaq xalqımızın milli və dini dəyərlərinə sahib çıxmaqla yanaşı, həm də müasir dünyanın, Avropanın bir parçası olmaq deməkdir. Xalqımızın inkişafı və rifahı bunu tələb edir.