Hüquq müdafiəçisi Anar Məmmədli
Hazırda müzakirə olunan Qaraqalpaq etirazların tarixi əsasları ilə bağlı bəzi mənbələrdən topladığım məlumatları ümumiləşdirib sizinlə bölüşürəm.
Qaraqalpaqıstan Respublikası Özbəkistanın şimal-qərbində yerləşir və təxminən 160 min kvadrat km əraziyə malik olmaqla Özbəkistanın ən böyük inzibati vilayətidir.
Orta Asiyada sovetləşmə öz xarakterinə görə digər sovet respublikalarından köklü şəkildə fərqlənməyib. Zorakılıq, hərbi təcavüz və repressiyalarla müşayiət olunan bu prosesin fəsadları zaman keçdikcə özünü göstərib və görünür hələ xeyli davam edəcək. Problem burasındadır ki, bu bölgədə sovet işğalı başlayanda milli və etnik kimlik, siyasi coğrafiya, milli dövlətlərlə bağlı məsələlər həllini tapmamışdı.
Sovetlər 1918-ci ildən başlayraq, tələm tələsik Türküstan Muxtar Sovet Respublikası (Rusiya Sovet Federativ Sosialist Respublikası tərkibində), 1920-ci ildə isə Buxara və Xorəzm Sovet Sosialist Respublikalarını yaradırlar. Çox keçmir ki, RSFSR tərkibində Qırğız, Qazax və Qaraqalpak muxtar vilayətləri də yaradılır.
1924-25-ci illərdə Orta Asiyada indiki siyasi coğrafiyanın əsasını qoyan bölüşdürmə başlayır. Məsələn, Daşkəndə özbəklərin çoxluq təşkil etməsinə baxmayaraq bu şəhər uzunmüddət Qazax MSSR-in tərkibində olur. Yalnız Stalinin müdaxiləsindən sonra Alma-Ata qazaxlara, Daşkənd də özbəklərə verilir. 1930-cu ildə isə Özbəkistan SSR-nin paytaxtı Səmərqənddən Daşkəndə köçür.
1924-29-cu illərdə isə taciklıər üçün Özbəkistanın tərkibində muxtar sovet sosialist respublikası yaradılır (?) 1929-cu ildə muxtar respublika Tacikstan Sovet Sosialist Respublikasına çevrilir. Bu respublika tərkibində isə pamirlər və qırğızların üstünlük təşkil etdiyi Dağlıq Bədəxşan Muxtar Vilayəti yaradılır. Maraqlıdır ki, hazırda pamir etnosuna mənsub xeyli əhali qonşu Əfqanıstanın Bədəxşan bölgəsində yaşayır.
Sovetlərin Qazaxtsan, Qırğızstan, Türkmənistan və Özbəkistan arasında əraziləri bölüşdürməsi zamanı bəzi etnik anklavlar yaranır. Bunlardan biri də qaraqalpaq və qazaxların yaşadığı bölgədir.
Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılmazdan öncə Xorəzm SSR-in tərkibində Qazax-Qaraqalpaq dairəsi təşkil edilir. Qazax və qaraqalpaq xalqlarının ümumi problemlərini həlli üçün bu ərazidə 1920-ci ildə Xorəzm Respublikası Sovetlərinin 1-ci Qurultayının qərarı ilə Qazax-Qaraqalpaq administrasiyası yaradılır.
1923-cü ilin oktyabrında Xorəzm Respublikası Sovetlərinin 3-cü Qurultayında Qazax-Qaraqalpaq muxtar dairəsinin, 1924-cü ilin mayında isə muxtar vilayətin yaradılması haqqında qərar qəbul edir.
Vilayət əvvəlcə Qırğızıstan MSSR-in tərkibində idi (1925-ci ilin martından Qazax Muxtar Sovet Sosialist Respublikası adlanırdı), 1930-cu ildə isə RSFSR-in tabeliyinə verilir.
1932-ci il martın 20-də RSFSR nəzdində Qaraqalpaq Muxtar Sovet Respublikası yaradılır. 5 dekabr 1936-cı ildə bu respublika Özbəkistan SSR-nin tərkibə verilir. 1926-cı ilin əhali siyahısına görə muxtar respublikada qaraqalpaqlar 38 faiz, qazaxlar 28 faiz, özbəklər isə 27 faiz təşkil ediblər.
14 dekabr 1990-cı ildə Qaraqalpaq MSSR Ali Soveti Qaraqalpaqıstan Respublikasının Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edir. Təxminən iki ildən çox nisbi müstəqilliyə sahib olur. Amma 1993-cü il yanvarın 9-da Qaraqalpaqıstan Respublikası ilə Özbəkistan Respublikasının rəhbərliyi arasında “Qaraqalpaqıstan Respublikasının Özbəkistan Respublikasının tərkibinə daxil olması haqqında” dövlətlərarası müqavilə imzalanır. Bundan sonra Daşkəndin siyasi nəzarəti güclənir.
1993-cü il aprelin 9-da Qaraqalpaqıstan Respublikasının Ali Şurası Qaraqalpaqıstan Respublikasının Konstitusiyası qəbul edir.
Hazırda müzakirə olunan referendum aktı Özbəkistan Konstitusiyasından Qaraqalpaq respublikası ilə bağlı aşağıdakı müddəların ləğvini nəzərdə tutur:
1) 73-cü maddəyə əsasən, Qaraqalpaqıstan Respublikasının ərazisi və sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz və Qaraqalpaqıstan Respublikası özünün inzibati-ərazi quruluşu məsələlərini müstəqil həll edir.
2) 74-cü maddəyə əsasən, Qaraqalpaqıstan Respublikasının Qaraqalpaqıstan xalqının ümumi referendumu əsasında Özbəkistan Respublikasından ayrılmaq hüququ vardır.
3) 75-ci maddəyə əsasən, Özbəkistan Respublikası ilə Qaraqalpaqıstan Respublikası arasında münasibətlər tərəflər arasında bağlanmış müqavilə və sazişlərlə tənzimlənir,