aliyevler-neft

İlham Əliyev avtoritarlar üçün nümunəyə çevrilir

AXCP sədri Əli Kərimli

İlham Əliyev deyəndə ki, xarici ölkələr bizdən öyrənir, dünyaya yol göstəririk, biz gülürdük. Ancaq öyrənənlər var imiş. Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdimuhammədov Əliyevlərin Azərbaycanda yaratdığı nümunədən istifadə edib, hakimiyyəti “uğurla” öz oğluna ötürdü. Hazırda Tacikistan prezidenti İmoməli Raxman da Azərbaycan nümunəsini öz ölkəsində tətbiq etməyə – hakimiyyəti oğluna ötürməyə hazırlaşır. Özbəkistan prezidenti Mirziyoyev də İlham Əliyevin yaratdığı nümunədən ruhlanaraq referendum keçirib, prezidentin səlahiyyət müddətini 5 ildən 7 ilə qaldırmağa, istədiyi qədər prezident seçilmək üçün konstitusiyanın yaratdığı maneələri aradan qaldırmağa hazırlaşır. Tək bunlar deyil. Avtoritar rejimli bəzi Afrika, Orta Şərq ölkələrində də Azərbaycan nümunəsi öyrənilir.

104 il bundan öncə olduğu kimi bu gün də Azərbaycan Şərq, müsəlman dünyası üçün nümunədir, Azərbaycan təcrübəsi öyrənilir. Yalnız bir mühüm fərqlə. 104 il öncə Azərbaycan dünyəvi dövlət, cümhuriyyət qurmağın, haqq və hüquqa dəyər verməyin, azadlıqların təmin edilməsinin, qadınlara da kişilərlə bərabər hüquq verməyin nümunəsini yaradırdı. İndi isə Azərbaycan repressiyalarla xalqı “islah” etməyin, uzunmüddətli ailə hakimiyyəti qurmağın nümunəsini yaradır. Görün, haradan haraya gəlmişik. Rəsulzadə yurdunun avtoritar rejimlər üçün nümunəyə çevrilməsinə görə xalq olaraq hamılıqla utanmağa başlayanda azadlıqlarımız uğrunda hərəkatımızın ikinci nəfəsi açılacaq.