Qara dənizdə qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişir

AXCP sədri Əli Kərimli

Rusiya Qara dənizdə “Moskva” kreyserindən də qiymətli hərbi “obyekt” itirdi. Ukraynanın daha bir mühüm hərbi uğuru. Qara dənizdə Ukraynaya məxsus İlan (Zmeinıy) adası Rusiya işğalından azad edilib. Ukrayna silahlı qüvvələrinin növbəti intensiv hücumundan sonra Rusiya ordusu İlan adasını tərk etməyə məcbur olub. İlan adası Ukraynanın əsas ərazisindən 35 kim məsafədə yerləşir. 20 hektar ərazisi, mühüm hərbi, strateli əhəmiyyəti var. Rusiya təbliğatçıları son günlərə qədər İlan adasını “Rusiyanın batması mümkün olmayan gəmisi” adlandırırdılar. Rusiya ordusu xüsusilə son vaxtlar (“Moskva” flaqman gəmisi vurulandan sonra) İlan adasını Qara dənizdə möhkəmləndirilmiş hərbi mövqeyə çevirmişdilər. Adada Rusiyanın ən mükəmməl hava hücumundan müdafiə sistemləri və müxtəlif raket sistemləri yerləşdirilmişdi. İlan adası Ukraynanın nəzarətində qalan Qara dəniz sahillərinə, o cümlədən Odessa və Mikoloyev (keçmiş Nikolayev) kimi mühüm şəhərlərə yaxın olduğundan hər 2 ölkə üçün strateji cəhətdən vacib hərbi mövqe idi.

Ukraynanın son vaxtlar əldə etdiyi müasir Qərb silahları xüsusilə də Qara dəniz sahillərində qüvvələr nisbətini dəyişib. Ukrayna ordusu sahildə yerləşdirdiyi Harpoon raket sistemləri, HİMARS reaktiv atəş sistemləri, Bayraktar PUA-ları ilə İlan adasındakı hərbi obyektlərə dəqiq zərbələr vura bilirdi və vururdu. Ona görə də Rusiya adanı müdafiə edə bilmədi və Ukrayna silahlı qüvvələrinin dünənki intensiv hücumundan sonra bu gün adanı tərk etdiklərini rəsmən etiraf etdilər. Sən demə yüksək dəqiqlikli silahlarla “batmayan gəmi”ni də batırmaq olurmuş.

Rusiyanın İlan adasını tərk etməyə məcbur olması Qara dənizdə qüvvələr nisbətini Ukraynanın xeyrinə ciddi şəkildə dəyişir. Rusiyanın İlan adasını itirməsi o deməkdir ki:

  1. Rusiyanın Odessa və digər Ukrayna ərazilərinə dənizdən hücum etməsi, desant çıxarması artıq qətiyyən mümkün olmayacaq.
  2. Rusiya Qara dəniz donanması Rusiyanın əvvəl planladığının əksinə olaraq, Ukrayna ilə savaşda əhəmiyyətli rol ala bilməyəcək. Bundan sonra donanma əsasən 2 işlə məşğul olacaq. Ukrayna sahillərindən xeyli uzaq məsafədən Ukraynaya raket atmaq (raketlər də tükənməkdədir) və Ukraynanın gəmi əleyhinə raket sistemlərindən mümkün qədər özlərini qorumaq – Ukrayna sahillərindən uzaq durmaq.
  3. Qərbin Ukraynaya verdiyi müasir silahlar Rusiya silahlarından çox üstündür. Ukraynaya daha çox müasir silahlar verildikdən sonra yaxın aylarda müharibədə Ukraynanın xeyrinə əsaslı dönüş başlayacaq.