Əli Kərimli İlham Əliyevin cavabını verdi

AXCP sədri Əli Kərimli

Ölkədə sosial, iqtisadi, siyasi gərginlik artan kimi İlham Əliyev yenidən “AXC-Müsavat cütlüyünü” xatırladı. Gedib Kəlbəcərdə köhnə repertuarını təkrarlayıb: “O vaxt hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyü Kəlbəcəri nəinki müdafiə etmirdi, hətta Kəlbəcəri qurban verməyə hazır idi, bunu da etdi” deyib. Ancaq Ali baş komandan Əbülfəz Elçibəyin Kəlbəcəri müdafiə etmək tapşırığına baxmayaraq, ordunu Kəlbəcərdən geri çəkən o zamankı briqada komandiri Nəcməddin Sadıqovun hansı xidmətlərinə görə Heydər Əliyev tərəfindən Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edildiyini deməyib. Bu barədə susmağa üstünlük verib. Onu da deməyib ki, ata-oğul Əliyevlər Kəlbəcəri müdafiə etməli olduğu halda bunu etməyən Nəcməddin Sadıqovu niyə, hansı “xidmətlərinə” görə 30 ilə yaxın bir dövrdə Azərbaycan ordusunun faktiki rəhbəri vəzifəsində saxlayıblar.

Kəlbəcər rayonunun Əbülfəz Elçibəy hakimiyyətini yıxmaq üçün Rusiyanın köməyilə işğal edildiyini, hədəfin Elçibəy hakimiyyəti olduğunu indi balaca uşaqlar da bilir. Bəs İlham Əliyev bu absurd, heç kimin ciddiyə almadığı iddiaları təkrarlamağa nəyə görə özünü məcbur bilir? Vəziyyətinin o qədər pismi olduğunu düşünür, yoxsa xalqımızın Əbülfəz Elçibəyin doğum günündə ona göstərdiyi sayğı, hörmət İlham Əliyevi narahat edib?

İlham Əliyev bilmirmi ki, o hər dəfə Kəlbəcərin işğalına görə Əbülfəz Elçibəy hakimiyyətinin məsuliyyətini haqsız yerə gündəmə gətirəndə, xalq da haqlı olaraq Heydər Əliyevin hakimiyyətə gələn kimi 33 döyüşən batalyonu “AXC batalyonları” adı altında təxris etməsinin məsuliyyətini Əliyevlər hakimiyyətindən tələb edəcək. Məhz həmin 33 döyüşən batalyonun buraxılmasının Heydər Əliyev hakimiyyəti zamanı Ağdərə, Ağdam, Cəbrəyıl, Fizuli, Qubadlı, Zəngilan rayonlarının düşmən tərəfindən işğalına zəmin yaratdığını da hamı bilir.

Rəhmətlik Əbülfəz Elçibəy özü sağlığında bu əsassız ittihamlara cavab vermişdi: “Kimin, hansı təxribatı törətməsindən asılı olmayaraq, qəbul edirəm ki, Kəlbəcərin işğalına görə mən məsuliyyət daşıyıram və Kəlbəcəri qoruya bilmədiyimiz üçün bütün kəlbəcərlilərdən üzr istəyirəm”. İndi isə Əliyev hakimiyyəti də onun vaxtında işğal olunmuş 6 rayonumuza görə məsuliyyəti üzərinə götürsün.

Ancaq absurd Kəlbəcər ittihamını təkrarlamaq İlham Əliyevin ürəyini soyutmayıb. Görünür dünyanın hər yerindən onun hakimiyyətinə qarşı gələn korrupsioner hakimiyyət ittihamı da Əliyevi çox narahat edir. Ona görə də dünyanın onun hakimiyyətinə qoyduğu “korrupsioner hakimiyyət” adını da AXC – Müsavatla paylaşmağa növbəti uğursuz cəhdini edib: “AXC-Müsavat hakimiyyəti talançılıqla, soyğunçuluqla məşğul olurdu, orduya, ordu təchizatına fikir vermirdi” deyib.

Bax belə, bir azdan çıxıb deyər ki, London mülkləri də, ofşordakı milyardlar da Əbülfəz Elçibəyin uşaqlarınındır. Ölkənin ÜDM- nin 15 faizini, yəni ilbəil 7- 11 milyard dollar arası pulu da AXC – Müsavat cütlüyü oğurlayıb daşıyıb Böyük Britaniya ofşorlarına. İlham Əliyev özü deyib axı, ölkə analoqsuzdur. Ölkə və onun hakimiyyəti analoqsuzdursa, belə ölkədə hər cür absurd gözləniləndir.