Deputatlara pul tez tapılır

AXCP sədri Əli Kərimli

Deputatların maaşını artırmağa pul tapıldı, ancaq şəhid ailələrinin, qazi və müharibə veteranlarının müavinətini artırmağa yox. Ölkənin milli sərvətlərini göyə sovuran dövlət şirkətlərinin dövlət büdcəsinə olan borclarını ödəməyə də pul var imiş. SOCAR-ın 225 milyon manat, “Aqrarkredit”-in 120 milyon manat, “Azərenerji”-nin 101.2 milyon manat, “AZAL”-ın 34.8 milyon manat borcunu ödəyən dövlət büdcəsində uşaqpulu verməyə yenə də pul tapılmadı.

Dövlət büdcəsində bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclarını (həmin kreditlərin necə xərcləndiyini də bilirsiz) ödəmək üçün də 493.6 milyon manat pul tapıldı. Ancaq pensiyaları, müavinatları, maaşları real inflyasiyaya uyğun artırmağa pul tapılmadı.

Hökumət dövlət büdcəsində yaranmış 2.5 milyard manatlıq profisiti də elə bölüşdürdü ki, ölkənin yoxsulluq və işsizlik içində ölüm-dirim mübarizəsi aparan milyonlarla yoxsul və işsizinə həmin milyardlardan pay düşməyəcək. Ancaq büdcədən “dövlət investisiyaları” adı altında ayrılan milyardların bir qisminin London mülklərini daha da artırmağa xidmət edəcəyinə heç bir şübhə yoxdur.