Rusiya indi də Qazaxıstana qarşıdır

AXCP sədri Əli Kərimli

Rusiya Tokayevi, bütövlükdə Qazaxıstanı cəzalandırmaq fikrinə düşüb? Qazaxıstandakı Qanlı Yanvar əməliyyatından sonra Putin Tokayevi özünə borclu bilirdi. Ukraynaya qarşı başlayacağı müharibədə Tokayevin rəhbərlik etdiyi Qazaxıstanın dəstəyinə tam arxayın idi. Ancaq elə savaşın ilk günlərindən məlum oldu ki, Tokayev xeyli müstəqil siyasət aparır, Rusiyanın işğalçılıq siyasətinə dəstək vermir.

Tokayevin Peterburq forumundakı çıxışı isə görünür Putini daha da acıqlandırıb. Xatırladım ki, forum zamanı Tokayev Putinin birbaşa üzünə qarşı Donetsk və Luqansk “xalq respublikalarını” uydurma dövlətlər adlandırdı və onları müstəqil dövlət kimi tanımayacağını bildirdi. Putin heç nə demədi. Çətinliklə də olsa pərtliyini gizlətdi. Ancaq forumdan dərhal sonra Rusiya Qazaxıstan neftinin Novorossiysk limanı vasitəsilə tranzitini dayandırdı. Həm də çox gülünc bəhanə ilə. Guya limanda birdən-birə 2-ci dünya müharibəsindən qalma xeyli mina tapılıb.

Neft ixracının faktiki dayandırılması Qazaxıstan iqtisadiyyatına böyük zərbədir. Qazaxıstanda əksəriyyət hesab edir ki, Qazax neftinin Rusiya ərazisindən tranzitinin dayandırılması Rusiyanın müstəqil mövqe nümayiş etdirən Qazaxıstanı cəzalandırmaq cəhdidir. Yaxşı haldır ki, qazaxların əksəriyyəti yaranmış gərginliyə görə müstəqillik nümayiş etdirmiş prezidentlərini yox, hikkəli, imperiya ambisiyalı Rusiya rəhbərliyini qınayırlar. Qazaxıstan sosial şəbəkələrində aparıcı fikir Rusiyadan aralanmaq, daha müstəqil siyasət aparmaqdan yanadır. Qazaxlar çox ciddi şəkildə transxəzər boru kəməri vasitəsilə Bakı – Ceyhan kəmərinə qoşulmağı, xam neftlərini dünya bazarına Azərbaycan və Türkiyə üzərindən çıxarmağı müzakirə edirlər. Rusiyanın ətrafındakı dövlətləri nəzarətində saxlamaq cəhdlərinin hamısı özünə qarşı çevrilir.