Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Bu ilin 24 fevral tarixinədək Qazaxıstan prezidenti Qasım Comərd Tokayevin nə vaxtsa Putini ən kövrək yerindən yaralayıb üzünə meydan oxuyacağını eşitsəniz, inanmaq bir yana, bunu təsəvvürünüzdə canlandıra bilərdinizmi?!
Amma Tokayev Putinin Rusiyanın beynəlxalq təcridini azaltmaq, ölkəsinə yeni nəfəslik açmaq məqsidilə düzənlədiyi Sankt-Peterburq Forumunda dedi ki,
- Donetsk və Luqansk Xalq Respublikaları qondarma dövlətlərdir.
- Belə dövlətlərin yaranması dünya düzənini təhdid edir və yolverilməzdir.
- Qazaxıstan LXR və DXR heç vaxt müstəqil dövlət kimi tanımayacaq.
- Qazaxıstan həmçinin Abxaziya, Cənubi Osetiya, Dnestryanına münasibətdə eyni mövqedədir.
- Qazaxıstan Ukraynanın Avropaya inteqrasiya siyasətini təqdir edir.
Bu fikirləri
- Cəmi altı ay öncə kütləvi xalq etirazlarını yatırmaq üçün Rusiyadan hərbi yardım istəyən,
- Rusiya ilə dünyanın ən uzun quru sərhəddinə- 7644 km malık olan,
- Əhalisinin 20 faizi ruslardan ibarət olan ölkənin prezidenti səsləndirir.
Bundan əlavə, Tokayev Rusiya Federasiyasının ali mükafatı olan Aleksandr Nevski Ordenindən imtina edib və Qazaxıstanın Prezident Administrasiyası bu barədə rəsmi açıqlama yayıb.
Putinin öz despot hikkəsi, imperiya ambisiyası, sərhəd tanımayan tamahı səbəbilə nərədən nərəyə gəlib çıxdığını sərgiləyən ən ibrətamiz nümunədir bu.
Öz bəlandır, çək, Balaş!