Bu ölkənin sərvətləri bir neçə yüz adamın yox, bütöv xalqındır

Qulu Məmmədli
İkinci Qarabağ savaşı qazisi

Sabirabadda Vətən Müharibəsi Qazisi intihar edib.

Alman atalar sözü var: “Müharibədən heç kim sağ qayıtmır.” Müharibədən qayıtdıqdan bir müddət sonra adama elə bir boşluq gəlir ki, bu hiss insanı istənilən addımı atmağa vadar edə bilər. Sağ olsun dostlar, özəl insanlar ancaq onların sayəsində bu mərhələni adlaya bilərsən.
Əsas istənən şey diqqət, qayğı, sevgidir.
Bu gün qazilərə, veteranlara olan hörmət göz qabağındadır. Bəli, heç kim müharibəyə könüllü gedən zaman bir imtiyaz ummayıb heç kimdən. Amma müharibədən qayıtdıqdan sonra insan əvvəlki insan olmur. Müharibədən dönən insanlara sorğu edin, heç kim əvvəlki şövqlə müharibənin yenidən təkrarlanmasını istəməyəcək. Səbəb bəllidir.

Orada yaşananlar insanlıq faicəsidir. Kimi öldürməyindən asılı olmayaraq, müharibənin ruhu çox əcaibdir. O ruhu ancaq yaşayan adamlar başa düşə bilər.

Bu gün vətən üçün sağlamlığını itirən adamlara aylıq 80 manat, qrup dərəcələri üzrə 300-400 manat pul verməklə problemi həll etmək mümkün deyil. Bir qazinin aylıq papiros və dərman xərcləri bu pulla qarşılanmır. Aldığı xəsarətlər əllik yaradan nə qədər müharibə iştirakçısı var ki, indiyə kimi hələ də əllik dərəcəsi ala bilməyir.

Dövlət hakimiyyətdə, vəzifədə olan bir qrup adamı bəsləmək üçün deyil. Dövlət onun uğurunda canını, sağlamlığını qurban verən adamların normal həyat şərtləri daxilidə yaşamaları üçün onlara arxa durmaq üçün var həm də.

500 minlik avtomobillərdə harınlıq edən məmur övladlarına çatacaq qədər pulu varsa dövlətin, qazisinə də diqqət, qayğı göstərmək üçün o qədər tərləməlidir. Neftinin bir barrelinin qiyməti 134 dollar olan dövlətin qazisinin heç bir problemi olmamlıdır bu gün.

Buna görə səhər-axşam yaxımızı cırırıq ki, siyasiləşin. Əl-ələ verib yeni hökümət formalaşdırın. Siyasətə qarışmırıq düşüncəsi ilə yaşadıqca daha böyük problemlər bizi daha dərin böhranlara yuvarlayacaq. Bu ölkənin sərvətləri bir neçə yüz adamın yox, bütöv xalqındır.

İntihar etməyin, haqqınızı meydanlarda tələb edin!
Siyasiləşməkdən qorxmayın!