Zelenski qüvvələrinin “texnika, özəlliklə artilleriya sistemlərinin həcmi baxımından rusiyalıların ciddi üstünlüyü ilə üzləşdiyini” deyib
Severodonetsk şəhər administrasiyasının başçısı Oleksandr Stryuk iyunun 14-də Ukrayna televiziyasına deyib ki, üçüncü körpünün dağıdılmasına baxmayaraq, “şəhər təcrid olunmayıb”.
“Çox mürəkkəb olsa da, kommunikasiya kanalları qalır”, – deyən Stryuk döyüşlərin daim davam etdiyini, yerdə vəziyyətin “saatbasaat dəyişdiyini” vurğulayıb.
O, Ukrayna hakimiyyətinin Severodonektsdək dinc sakinləri “sakitlik yaranan, yaxud daşıma imkanı olan hər dəqiqə” evakuasiya etdiyini deyib.
Stryuk şəhərdəki Azot kimyəvi zavodunda 500-dən artıq dinc sakinin qaldığını söyləyib. Rəsmilər bu zavodun Rusiya qüvvələri tərəfindən daim bombardman olunduğunu bildirirlər.
Yeddi dinc sakinin ölümü araşdırılır
Ukrayna Baş prokuroru paytaxt Kiyev yaxınlığındakı Buça qəsəbəsində əlləri arxadan bağlı vəziyyətdə meyiti tapılmış yeddi dinc sakinin ölümünü araşdırır.
Mirotske kəndi yaxınlığındakı meşədə Rusiyanın keçmiş mövqelərinin tədqiqi nəticəsində “səngərlərdə güllə yarasından ölmüş, əlləri arxadan bağlı yeddi dinc sakinin meyiti” tapılıb.
Buça aprelin əvvəlində dünyanın diqqət mərkəzinə keçib. Rusiya əsgərləri bir aylıq işğaldan sonra tutduqları ərazilərdən çıxanda onlarla meyit, bəziləri əlləri bağlı aşkarlanıb. O vaxtdan ərazidə xeyli cəsəd tapılıb, Rusiyanın hərbi cinayətlər törətməsi iddiaları səslənib.
Ukrayna polisinin iyunun 13-də açıqladığı məlumata görə, ölkə boyunca 1200 dinc sakin meyitinin kimliyini müəyyənləşdirməyə çalışırlar.
Azadlıq radiosu